×
A
A
A
Sazlamalar

Bakıda “Türk mətbəxi həftəsi” çərçivəsində tədbir keçirilib

Bakı, 29 may, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə qardaş ölkənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hər il mayın 21-dən 27-dək bütün dünyada “Türk mətbəxi həftəsi” keçirilir.
AZƏRTAC xəbər verir ki, “Türk mətbəxi həftəsi” çərçivəsində Türkiyənin Azərbaycandakı səfirliyində də tədbir təşkil olunub.
Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağcının xanımı Leyla Bağcının ev sahibliyi ilə təşkil olunan tədbirdə Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərlərinin xanımları iştirak ediblər.
Tədbirdə qonaqlara Hatay mətbəxindən bibərli çörək, təpsi kababı, badımcan kababı, humus və künəfə kimi təamlar təqdim olunub. Hatayın tarixi, mədəniyyəti və ənənəvi yemək mədəniyyəti haqqında qonaqlara məlumat verən Leyla Bağcı xörəklərin hazırlanması zamanı Türkiyənin birinci xanımı Əminə Ərdoğanın himayəsi ilə həyata keçirilən “Sıfır tullantı layihəsi”ni tətbiq etdiklərini, bu layihəni bundan sonra evlərində və şəxsi işlərində həyata keçirəcəklərini bildirib.
Bu il fevralın 6-da Türkiyənin böyük zəlzələ fəlakəti ilə üzləşdiyini xatırladan L.Bağcı Hatay bölgəsinin də böyük dağıntılara məruz qaldığını deyib. O, Türkiyənin bu çətin günləri ən qısa zamanda geridə qoyacağına əminliyini ifadə edib.

 

Mədəniyyət 2023-05-29 20:58:00