×
A
A
A
Sazlamalar

DSX: Müstəqillik Günü və Vindzor Kral Atçılıq Şousu atçılıq tədbirində iştirak etmiş nümayəndə heyətinin üzvləri təltif olunub

Bakı, 29 may, AZƏRTAC

28 May – Müstəqillik Günü və “Vindzor Kral Atçılıq Şousu-2023” tədbirində Azərbaycan Respublikasını layiqincə təmsil edən heyətin mükafatlandırılması münasibətilə Binə Atçılıq Mərkəzində təntənəli tədbir keçirilib.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə müstəqilliyimizin əldə edilməsinin 105-ci ildönümü münasibətilə ölkəmizdə silsilə tədbirlərin keçirildiyi qeyd olunub. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazanılmış parlaq Zəfərimiz sayəsində bu gün milli dövlətçilik tariximizin şanlı səhifələrindən olan Müstəqillik Gününü ərazi bütövlüyü təmin edilmiş güclü və qalib dövlət olaraq qeyd etməyimiz xüsusi vurğulanıb.
Mərasimdə mayın 10-13-də Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə keçirilmiş “Vindzor Kral Atçılıq Şousu-2023” tədbirində qədim mədəniyyətimizin tanıdılması, milli sərvətimiz olan Qarabağ atlarının füsunkar gözəlliyinin nümayiş etdirilməsi, Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi və rəqs ansamblının xüsusi çıxışı, zərif Azərbaycan rəqsləri və ecazkar milli musiqimizin yüksək səviyyədə təqdim olunması ilə böyük tamaşaçı rəğbəti qazanmış nümayəndə heyətinin üzvləri Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev tərəfindən təltif edilib.
Mükafatlandırma mərasimi konsert proqramı ilə başa çatıb.

Cəmiyyət 2023-05-29 20:21:00