×
A
A
A
Sazlamalar

Tbilisidəki teleqüllə və “Sülh körpüsü” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Tbilisi, 28 may, AZƏRTAC
Mayın 28-də Gürcüstanın paytaxtı Tbilisi səhərinin ən hündür parkında - Mtasminda parkında yerləşən televiziya qülləsi və Kür çayı üzərindəki “Sülh körpüsü” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, teleqüllə və körpü 28 May -Azərbaycanın Müstəqillik Günü münasibətilə işıqlandırılıb.
Azərbaycan bayrağının rəngləri olan göy, qırmızı və yaşıl rəngdə işıq saçan televiziya qülləsi və “Sülh körpüsü” şəhərə xüsusi bir rəng-gözəllik verib.
Televiziya qülləsinin və körpünün işıqlandırılması prosesini Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və səfirliyin əməkdaşları, AZEBİ-nin İdarə Heyətinin sədri Nəriman Qurbanov, “SOCAR-ın Gürcüstan nümayəndəliyinin əməkdaşları, onların ailə üzvləri, Gürcüstan universitetlərində təhsil alan tələbələr, ictimaiyyət nümayəndələri, eləcə də şəhərin qonaqları maraqla izləyiblər.

 
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Cəmiyyət 2023-05-28 21:35:00