×
A
A
A
Sazlamalar

Müstəqillik zirvəsi – güclü Azərbaycan

Bakı, 28 may, AZƏRTAC

Xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir. Azərbaycan xalqı haqlı olaraq müsəlman aləmində ilk dəfə demokratik respublika yaratması ilə fəxr edir.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etdi. Cəmi 23 ay yaşamasına baxmayaraq, xalqın milli mənlik şüurunu özünə qaytaran Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, xalqımız müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadirdir. Sovet işğalındakı 70 il ərzində xalqımız müstəqillik arzularını, azadlıq ideallarını həmişə yaşadıb. Məhz yaşadığımız şərəfli tarixin şüurlarda yaratdığı milli oyanışın bəhrəsi idi ki, XX əsrin sonlarında ikinci dəfə müstəqilliyimizi qazandıq. Xalq Cümhuriyyətinin ənənələrinə sadiqlik nümayiş etdirən Ümummilli Lider Heydər Əliyev demişdir: “Azərbaycan xalqı 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarını davam etdirərək bu tarixi varislik üzərində Azərbaycan dövlətini yaratmışdır... İndi Azərbaycanda gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi, iqtisadi islahatların həyata keçirilməsi Azərbaycanın dövlət müstəqilliyinin bəhrəsidir və bu dövlət, bu quruluş 1918-ci ildə yaranmış ilk Xalq Cümhuriyyətinin varisidir. Bütün dövlət onun varisidir, bütün xalq onun varisidir”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Alpaqut Federasiyasının prezidenti Qüdrət Nuriyev deyib.
O qeyd edib ki, Cümhuriyyət ideyalarının ölkəmizdə daha geniş şəkildə yayılmasına çalışan Ulu Öndərin müstəsna xidməti sayəsində Azərbaycan Xalq Cümhuriyyətinin atributları müstəqil Azərbaycan Respublikasının dövlət rəmzləri kimi qəbul edildi.
Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, xalqımızın Ulu Öndəri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edildi. Xalqımızın Ümummilli Liderinin SSRİ-nin hələ mövcud olduğu bir vaxtda belə cəsarətli addım atması onun öz xalqına, millətinə, dövlətinə sədaqətini, müstəqillik yolunda dönməz iradəsini bir daha nümayiş etdirdi. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək onu dövlət bayrağı elan etdi.
Xalqımızın arzusu 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbulu ilə reallığa çevrilsə də, müstəqilliyin bərpasının ilk illərində Azərbaycanda mövcud olan hakimiyyət boşluğu, ölkəyə rəhbərlik edənlərin siyasi savadsızlığı ucbatından respublikamız nəinki müstəqilliyini, hətta bir dövlət olaraq varlığını itirmək təhlükəsi ilə üz-üzə qaldı.
“1993-cü ildə Ulu Öndərin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycan tarixində yeni bir dövrün başlanğıcı oldu. Azərbaycan dövlətçiliyi, müstəqilliyimiz xilas edildi. Azərbaycan dövlətçiliyinin qorunması, ölkədə davamlı ictimai-siyasi sabitliyin bərqərar olunması üçün Heydər Əliyev qətiyyətli tədbirlər gördü. Müstəqil Azərbaycan dövlətini yaradan və onun bütün sahələrdə sarsılmaz təməllərini müəyyən edən Heydər Əliyev dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq. Beləliklə, Heydər Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmiz tez bir zamanda böyük inkişaf yoluna çıxdı”, – deyə o əlavə edib.
Qüdrət Nuriyev vurğulayıb ki, müasir dövrdə böyük nüfuz, söz sahibi olan Azərbaycanın dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilməsi ilə hər birimiz iftixar hissi duyur, fəxr edirik. Bu gün Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən Prezident İlham Əliyev müstəqil Azərbaycanımızın Prezidenti, həm də dünya azərbaycanlılarının lideridir.
Ümummilli Lider Heydər Əliyevin qurucusu və memarı olduğu müasir müstəqil Azərbaycan son iki onillikdə Prezident İlham Əliyevin rəhbərliyi altında daha möhtəşəm uğurlar qazanır. Azərbaycanda vətənpərvər, sağlam düşüncəli gənc nəslin yetişməsi, ölkəmizdə həyata keçirilən gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 44 günlük Vətən müharibəsində qazandığımız böyük Qələbədə həlledici rol oynadı.
Uzaqgörən dövlət xadimi və siyasətçi kimi Prezident İlham Əliyev sağlam gənclik yetişdirmək, bununla da xalqımızın sağlam gələcəyini təmin etmək üçün idmanı ümumxalq hərəkatına çevirmək xətti yeridir. Bu gün təkcə paytaxt Bakıda deyil, eyni zamanda, regionlarımızda da mükəmməl idman infrastrukturunun qurulması, olimpiya idman-sağlamlıq komplekslərinin tikilərək xalqın istifadəsinə verilməsi daha sağlam gələcəyimizə yönəlmiş müdrik siyasətin gözəl nümunəsidir.
Hazırda təmsilçilərimizin beynəlxalq yarışlarda uğurla çıxış etmələri, ölkəmizin dünyanın ən nüfuzlu idman yarışlarının keçirildiyi mərkəzə çevrilməsi Azərbaycanın şöhrətini artırır, onun beynəlxalq imicinə müsbət təsir göstərir. Bir sözlə, Azərbaycan bütün sahələrdə qazanılmış misilsiz nailiyyətləri ilə bu gün dünyanın əsas söz sahiblərindən biri kimi tanınır. Müasir müstəqil Azərbaycan son onilliklər ərzində yalnız zirvəyə doğru irəliləyir.
Xalqımızın milli oyanış tarixi olan istiqlalımızı bu gün hər birimiz göz bəbəyi kimi qorumalı, müstəqilliyimizin keşiyində durmalıyıq.

İdman 2023-05-28 19:13:00