×
A
A
A
Sazlamalar

Moskvada Azərbaycanın Müstəqillik Günü ilə əlaqədar “Son iclas” filmi göstəriləcək

Moskva, 28 may, AZƏRTAC

Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki (XTNS) “Azərbaycan” pavilyonunda Azərbaycanın Müstəqillik Gününə həsr edilmiş kinonümayiş təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, “Son iclas” filminin nümayişi “RetroSpektiva” kinoklubunda keçiriləcək.
Tədbirin əsas məqsədi gənc müstəqil dövlətin hökuməti tərəfindən çətin şəraitdə hakimiyyətin ötürülməsi barədə qəti qərarın verildiyi Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) şanlı tarixinin son günlərinin ab-havasını duymağa kömək etməkdir. Filmdə AXC-nin banilərinin respublikanın suverenliyi uğrunda düşmənlərlə son günədək fədakar və inadcıl mübarizə aparmalarından söhbət açılır. Filmdə mühüm tarixi hadisəyə - Azərbaycan Xalq Cümhuriyyətindən uzun illər sonra Azərbaycanın dövlət müstəqilliyi qazanmasına xüsusi diqqət ayrılıb.
“RetroSpektiva” kinoklubu XTNS-dəki “Azərbaycan” pavilyonunun və “Doğma Project” maarifləndirici platformanın birgə layihəsidir. Onun fəaliyyəti müasir Azərbaycan kino sənətinin tanınmasına yönəldilib.

 
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Mədəniyyət 2023-05-28 18:08:00