×
A
A
A
Sazlamalar

Marneulidə Müstəqillik günü ilə əlaqədar Şahmat turniri keçirilib

Tbilisi, 28 may, AZƏRTAC

Marneulidəki “Çay evi”ndə (Tea House) Azərbaycanın Müstəqillik gününə həsr edilmiş şahmat turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, turnirdə müxtəlif yaş qruplarında 19 nəfər həvəskar şahmatçı iştirak edib.
“Çay evi”nin icraçı direktoru Emin Əhmədov iştirakçılara Azərbaycanın Müstəqillik günü barədə məlumat verib. Bildirib ki, Gürcüstanın və Azərbaycanın Müstəqillik gününə həsr olunmuş belə yarışların keçirilməsi iki dost və qardaş xalq arasında möhkəm və sarsılmaz birliyin bariz nümunəsidir.
Yarışda İntiqam Acalov 6 balla birinci, İsimxan Abdullayev 5 balla ikinci və Tacir Allahverdiyev 5 balla üçüncü yerə layiq görülüblər.
Tədbirdə, həmçinin mayın 26-da Gürcüstanın Müstəqillik gününə həsr olunmuş turnirdə iştirak etmiş 8, 10 və 12 yaşlı uşaqlar arasında qalib gələn uşaqlara mükafatlar təqdim olunub.
Qeyd edək ki, 43 nəfərin iştirak etdiyi bu yarışda, 8 yaşlı uşaqlar arasında Timur Kələyev 5 balla birinci, Xvibliani Demetre 4 balla ikinci və Məhəmmədəli Axverdov 4 balla üçüncü yerə layiq görülüblər. 10 yaşlı şahmatçılar arasında Rafael Bayramov 5 balla birinci, Ayhan Əskerov 4 balla ikinci və Yusif Suleymanov 3,5 balla üçüncü pillənin sahibi olublar. 12 yaşlıların mübarizəsində Əli Əliev 5 balla birinci, Renat Hüryənov 4 balla ikinci və Mehman Ocaqverdiyev 3 balla üçüncü yeri əldə ediblər.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

İdman 2023-05-28 17:56:00