×
A
A
A
Sazlamalar

Azərbaycan növbəti dəfə səmimi görüş və platformalara hazır olduğunu nümayiş etdirdi

Bakı, 28 may, AZƏRTAC

Moskva formatı çərçivəsində mayın 25-də Azərbaycan və Ermənistan rəhbərlərinin sayca beşinci görüşü keçirildi. Bu görüş münaqişədən sonra tərəflərin 10-cu görüş hesab olunur. Dördtərəfli görüşləri istisna etsək, Azərbaycan və Ermənistan rəhbərləri münaqişənin normallaşması istiqamətində Brüsseldə də, Moskvada da beş dəfə bir araya gəliblər. Bu görüşlərin sülh sazişinin imzalanmasında böyük rolu var.
Azərbaycan həmişə olduğu kimi bu dəfə də səmimi görüş və platformalara hazır olduğunu nümayiş etdirdi.
Bunu AZƏRTAC-a açıqlamasında politoloq Xəyal Bəşirov deyib. Onun sözlərinə görə, Moskva görüşündə Azərbaycan sülh sazişinin imzalanması istiqamətində apardığı prinsipial mövqeyini bir daha ortaya qoydu.
“Hesab edirəm ki, tərəflər arasında görüşlərin formatı artıq tam şəkildə dəyişilib. Normallaşma istiqamətində həm Avropa İttifaqının, həm də Moskvanın dəstəyi ilə görüşlər keçirilir. Artıq Azərbaycan açıq şəkildə bəyan edir ki, əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq. Yəni, biz ona yalvarmayacağıq. Bu da ondan xəbər verir ki, qarşı tərəf bizim sülh təşəbbüslərimizi lazımi şəkildə dəyərləndirməsə, o zaman bunun ağır nəticələrinə də qatlaşmalı olacaq”, - deyə X.Bəşirov vurğulayıb.
Politoloq bildirib ki, Azərbaycan Prezidentinin Moskvada Ali Avrasiya İqtisadi Şurasında qonaq qismində iştirak etməsi ölkəmizin və onun liderinin nüfuzundan xəbər verir. Moskva görüşünün Azərbaycanın sülh istiqamətində atdığı addımlar baxımından ciddi əhəmiyyət kəsb etdiyini vurğulayan X.Bəşirov deyib: “Düşünürəm ki, Ermənistanın baş naziri təmaslarda iştirakı zamanı belə bir fon yaradıb ki, onun komandası Azərbaycanla sülh sazişinin imzalanmasını istəyir. O bunu həm dünya, həm Ermənistan ictimaiyyətinə çatdırmaq məqsədi güdürdü. Yəni, belə bir fikir təlqin etməyə çalışırdı ki, guya o sülh sazişini imzalamağa hazırdır, amma hansısa qüvvələr ona mane olur. Bununla o ictimaiyyətin fikrini əsas fikirdən yayındırmağa çalışırdı. Lakin bu, alınmadı. Paşinyan istəsəydi, indiyədək Brüssel formatında bəyanatlara uyğun olaraq çoxdan sülh sazişini imzalamışdı”.
Paşinyanın Praqada verdiyi bəyanatda Azərbaycanın ərazi bütövlüyünü tanıdığını etiraf etdiyini diqqətə çatdıran politoloqun sözlərinə görə, baş nazir bununla öz dövlətini Azərbaycan qarşısında məsuliyyət daşımağa vadar edir. Paşinyan Soçidə bununla bağlı bəyanatı da imzaladı. Bununla öz üzərinə və Ermənistanın üzərinə öhdəlik götürdü.
“Prezident İlham Əliyev isə əksinə olaraq daha uzaqgörən və praqmatik xarici siyasət yürüdərək bu gün nəinki Azərbaycanın, həmçinin Cənubi Qafqaz regionunun, Avrasiyanın, ümumiyyətlə, əksər dünya dövlətlərinin maraqlarına xidmət edən addımlar atır. Azərbaycan Cənubi Qafqazda sülhün qarantı olmaqla bu gün üçün çox əhəmiyyətli və Avropanı Asiya ilə birləşdirəcək Orta Dəhliz layihəsini reallaşdırmağı öz üzərinə götürüb. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin formalaşdırılmasında əhəmiyyətli rol oynayır, alternativ və bərpaolunan enerji resurslarının Avropaya ixrac edilməsi ilə bağlı prosesi həyata keçirən layihəyə rəhbərlik edir. Azərbaycan bütün bu addımlarla Ermənistandan fərqli olduğunu ortaya qoyur.
Prezident İlham Əliyev Ermənistan baş nazirindən nə qədər güclü lider və diplomat olduğunu dəfələrlə sübut edib. Dövlətimizin başçısı hər zaman ölkənin, regionun və dünyanın maraqlarına cavab verən siyasət yürütdüyünü nümayiş etdirir”, - deyə X.Bəşirov diqqətə çatdırıb.
Politoloq bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Moskva görüşündə Azərbaycanın ərazi bütövlüyü məsələsini bir daha qeyd etdi. Normallaşma prosesi çərçivəsində bizim üçün ən vacib məqam da məhz budur. “Düşünürəm ki, ərazi bütövlüyü məsələsinin yenidən gündəmə gətirilməsi birbaşa Azərbaycanın maraqlarına cavab verir. Bu da Ermənistanın ümid və arzularının puça çıxması, istəklərinin daşa dəyməsi deməkdir. Zəngəzur dəhlizinə gəlincə, bu layihənin reallaşdırılması artıq nə Ermənistanın və nə də onun dəstəkçilərinin müdaxilə edə biləcəyi bir proses deyil. Bu layihə artıq qlobal səviyyədə dəstəklənən bir layihədir.
Ümumilikdə Moskva görüşünü Azərbaycanın növbəti siyasi və diplomatik uğuru hesab etmək olar. Artıq Ermənistan anlayır ki, onu istəkləri həyata keçməyəcək. Onlar üçün çənbər daralır və bəhanəyə artıq yer yoxdur”, - deyən Xəyal Bəşirov fikirlərini yekunlaşdırıb.

Siyasət 2023-05-28 12:44:00