×
A
A
A
Sazlamalar

Azərbaycanın tranzit ölkə kimi əhəmiyyəti bütün dünyada artmaqdadır- BAMF-ın prezidenti

Bakı, 28 may, AZƏRTAC

Prezident İlham Əliyevin Ali Avrasiya İqtisadi Şurasının iclasında qonaq qismində iştirak etməsi ölkəmizin yüksək nüfuzundan xəbər verir. Azərbaycanı beynəlxalq aləmdə müxtəlif təşkilatlar üçün cəlbedici edən yalnız onun iqtisadi imkanlarının olmadığını deyən qurum rəhbəri də qeyd etdi ki, burada ölkənin müstəqil siyasət yürütməsi də böyük rol oynayır. Bu, həm də Azərbaycanın bütövlükdə Avrasiyadakı nüfuzundan və oyundəyişdirici rolundan da qaynaqlanır. İclasda cari məsələlərin müzakirəsindən daha çox Azərbaycan-Ermənistan problemləri müzakirə olundu. Avrasiya İqtisadi Şurasının gələcək perspektivlərindən biri də Azərbaycan-Ermənistan arasında məsələsinin həll olunmasıdır. Yəni, bu münasibətlərin gərginləşməsi, sülhün əldə olunmaması Avrasiya İqtisadi Şurasının gələcək fəaliyyətinə uyğun deyil. Ona görə də bu tədbirin keçirilməsi vacib əhəmiyyətə malik idi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev söyləyib.
Umud Mirzəyev Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısı olduğunu qeyd edib.
“Azərbaycanın tranzit ölkə kimi əhəmiyyəti bütün dünyada artmaqdadır. Çünki Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin qovuşduğu ərazi məhz Azərbaycandır. Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycana bağlı bir məsələ deyil. O Türkiyə, Avropa ən əsası dünya üçün əhəmiyyətli bir ortaq layihədir. Zəngəzur dəhlizi dünyanın bir başından, digər tərəfini əlaqələndirə biləcək yola çevrilə bilər. Bunun üçün də həm Avropa, həm də Amerika Azərbaycan-Ermənistan arasındakı münasibətin düzəlməsini dəstəkləyir və tezliklə sülhün bərqərar olmasını istəyir. Lakin buna qarşı çıxan ölkələr də var. Cənub qonşumuz İran, Ermənistanın öz daxili qüvvələri ilə sülhə və Zəngəzur dəhlizinin açılmasına mane olurlar, lakin Prezident İlham Əliyevin də qeyd etdiyi kimi bu yol açılacaq”,- deyə BAMF-ın prezidenti vurğulayıb.
O bildirib ki, Azərbaycan sülh sazişinin əldə olunması üçün Ermənistana tez-tez bu istiqamətdə mesajlarını göndərir. Lakin qarşı tərəf öz ənənəsinə sadiq qalaraq məsuliyyətdən yayınmağa çalışır.
U.Mirzəyev deyib: “Regionda sülhün bərqərar olması, sərhədlərin və ərazi bütövlüyünün tanınması Azərbaycan Prezidenti üçün önəmli məsələdir. Bu gün Laçında sərhəd-buraxılış məntəqəmiz fəaliyyət göstərir. Bütün təzyiqlərə baxmayaraq, beynəlxalq ekspertlərin rəyləri də Azərbaycanın haqlı mövqeyini təsdiqləyir. Bunlar hamısı ölkəmizin uğurlarının göstəricisidir.
Moskvada keçirilən üçtərəfli görüşdə də Rusiya Prezidenti Vladimir Putinin ərazi bütövlüyünün əsas, fundamental prinsip, digər məsələlərin isə ikinci dərəcəli olması ilə bağlı fikirləri Azərbaycanın haqlı mövqeyini bir daha ortaya qoydu. Bu da Nikol Paşinyanın simasında bütün ermənilərə haqsız olduğunu növbəti dəfə göstərdi”.

 

Siyasət 2023-05-28 12:12:00