×
A
A
A
Sazlamalar

Fəxr edirik ki, ilk dəfə olaraq müsəlman şərqində demokratik respublikanı Azərbaycan xalqı yaradıb

Bakı, 26 may, AZƏRTAC

Artıq ikinci ildir ki, 28 Mayı xalqımız Müstəqillik Günü kimi qeyd edir. İki il əvvəl Milli Məclisin 2021-ci il oktyabrın 15-də qəbul etdiyi “Müstəqillik Günü” haqqında Qanunla mayın 28-nin Müstəqillik Günü elan edilməsi, oktyabrın 18-nin Müstəqilliyin Bərpası Günü elan edilməsi qərara alınıb. Dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq adla adlanması olduqca əhəmiyyətlidir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
O bildirib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edərək xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirib. Həmin vaxt Azərbaycanın ilk parlamenti, hökuməti yaradılıb, dövlət sərhədləri müəyyən edilib. Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılıb. Cəmi 23 ay mövcud olsa da, Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunun təməlini qoyub. Yəni, müstəqil Azərbaycan dövləti artıq Çar Rusiyasının dağılması nəticəsində 105 il bundan əvvəl yaranıb.
Tarixdə baş verən hadisələr, təsdiq edir ki, azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu əbədi, dönməz, sarsılmaz etmək daha çətindir. Çox təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyəti də belə çətin tarixi sınaqlarla üzləşmiş və müstəqilliyi cəmi 23 ay qoruya bilib. Yetmiş il sürən sovet müstəmləkəsi dövrü tarixə yaxşı bəllidir. Xalqımız və Azərbaycan dövlətçiliyi həmin dövrdə çətin tarixi sınaqlara məruz qalsa da, çox şanslıyıq ki, bu dövr həm də Azərbaycan millətçiliyini və dövlətçiliyini məhv olmağa imkan verməyən dahi Heydər Əliyevi yetişdirib. Məhz Ulu Öndərin uzun illər ərzində Azərbaycana rəhbərlik etdiyi dövrdə azərbaycançılıq ruhunu və milli dövlətçilik ideyasını sönməyə qoymayan uzaqgörən siyasəti xalqımızın SSRİ dağıldıqdan sonra yenidən müstəqilliyini bərpa etmək gücünün təməlində dayanır.
SSRİ-nin dağılması nəticəsində 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunarkən Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib. Yəni, Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa edib.
“Xalqımız və dövlətimiz Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini həmişə dərin hörmətlə anır. Biz həmişə fəxr edirik ki, ilk dəfə olaraq müsəlman şərqində demokratik respublikanı Azərbaycan xalqı yaradıb. Həm Ulu Öndərin, həm də Prezident İlham Əliyevin hakimiyyəti dövründə qədim dövlətçilik ənənələrinə sahib çıxmaq, tariximizi nəsildən-nəslə ötürmək missiyasına böyük əhəmiyyət verilib. Hamımız yaxşı xatırlayırıq ki, 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi Prezident İlham Əliyevin təşəbbüsü ilə respublikamızda dövlət səviyyəsində qeyd edilib. Prezident İlham Əliyev 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamlar imzalayıb.
Müstəqilliyimizi 1991-ci il oktyabrın 18-də bərpa etsək də, müasir müstəqil Azərbaycan dövlətinin yaradılmasına görə Ulu Öndər Heydər Əliyevə borcluyuq. Çünki ölkəmizdə qardaş qırğınına, vətəndaş müharibəsinə, xaosa son qoyan dahi şəxsiyyət Heydər Əliyev olmasaydı həmin dövrün rəhbərliyinin səriştəsizliyi, hakimiyyət uğrunda gedən mübarizələri şübhəsiz ölkəni vətəndaş müharibəsinə aparacaq və müstəqilliyimiz yenidən itirilmək təhlükəsi altına düşəcəkdi. Xalqın tələbi ilə Ulu Öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də xalqımız üçün əsl qurtuluş günündə hakimiyyətə gəldikdən sonra Azərbaycan sözün əsl mənasında müstəqil dövlətə çevrilib”, - deyə komitə sədri qeyd edib.
Z.Əsgərov vurğulayıb ki, Ulu Öndərin hakimiyyətə gəlməsi ilə başlayan müstəqil Azərbaycanın inkişafı Prezident İlham Əliyevin rəhbərliyi ilə Zəfər zirvəsinə yüksəlib. Ölkəmizin üçrəngli bayrağı işğaldan azad edilmiş ərazilərimizdə dalğalanmaqla Azərbaycanın müstəqilliyinin, həm də bütün beynəlxalq hüquqla tanınmış ərazilərində tam bərpa olunmuş müstəqilliyinin sarsılmaz və əbədi olduğunu elan edir. Qırx dörd günlük Vətən müharibəsində qazanılmış şanlı Zəfər müasir Azərbaycanın müstəqillik tarixinin zirvəsini təşkil edir.
Müstəqil Azərbaycanın bu gün özünün ən qüdrətli dövrünü yaşadığını diqqətə çatdıran komitə sədri bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasət, xüsusən son zamanlarda nəhəng enerji və nəqliyyat-tranzit layihələrində iştirakımız, hər il ölkəmizə gələn çoxsaylı rəsmi qonaqlar, dünya dövlətlərinin liderləri ilə keçirilən görüşlər, eləcə də dövlətimizin başçısının rəsmi səfərləri, Azərbaycanın ardıcıl 3 il dünyanın ikinci ən böyük beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatına müvəffəqiyyətlə sədrlik etməsi, qardaş Türkiyə başda olmaqla Türk dünyası dövlətləri ilə artan dostluq münasibətləri, Ermənistanla sülh danışıqları prosesində gündəliyi diktə edən tərəfin Azərbaycan olması, ölkəmizin daxilində hökm sürən siyasi sabitlik, Böyük Qayıdışın sürətlə və ən yüksək səviyyədə tamamlanması istiqamətində aparılan işlər, ölkənin bütün sahələrində davam edən inkişaf və tərəqqi təsdiqləyir ki, Azərbaycanın iqtisadi, diplomatik müstəqilliyi, enerji təhlükəsizliyi və milli təhlükəsizliyi tam təmin olunub.
“Xalqımızın mübarizlik ideyaları, azadlığımız, torpaqlarımız uğrunda canından keçməyə qadir olması artıq bütün dünyaya bəllidir, bu da bir daha sübut edir ki, müstəqilliyimiz sarsılmaz və əbədidir”, - deyən Ziyafət Əsgərov fikirlərini yekunlaşdırıb.

Siyasət 2023-05-28 12:08:00