×
A
A
A
Sazlamalar

Peruda Ulu Öndərin 100 illiyi və Müstəqillik Günü təntənəli qeyd edilib

Bakı, 28 may, AZƏRTAC

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü və 28 May - Müstəqillik Günü Peruda təntənəli qeyd edilib.
AZƏRTAC xəbər verir ki, Peru Xarici İşlər Nazirliyinin və Konqresinin yüksək səviyyəli rəsmiləri və digər dövlət və hökumət qurumlarının təmsilçilərinin, həmin ölkədə akkreditə olunmuş diplomatik korpusun üzvlərinin, yerli media və ölkəmizin diaspor nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbiri səfir Məmməd Talıbov açaraq, Azərbaycanın siyasi və dövlətçilik tarixinin mühüm səhifələrindən birini təşkil edən Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və fəaliyyəti haqqında ətraflı məlumat verib. 1990-cı illərin əvvəllərində Azərbaycanın ağır tarixi sınaqlarla üzləşdiyi bir vaxtda Heydər Əliyevin misilsiz xidmətləri, böyük xilaskarlıq missiyası nəticəsində məhv olmaq təhlükəsindən xilas olaraq gələcəyə inamla baxan güclü bir dövlətə çevrildiyinə diqqət çəkilib. Ulu Öndərin dövlətçilik ideyalarının uğurla həyata keçirilməsi sayəsində bütün sahələrdə yüksək nailiyyətlər qazanmaqla bu gün Azərbaycanın müasir inkişaf dövrünü yaşadığı, regional və beynəlxalq proseslərdə mühüm rol oynadığı qeyd olunub.
Tədbirdə çıxış edən Peru Xarici İşlər Nazirliyinin Baş katibi Elmer Şialer Salsedo Heydər Əliyevi dünyamiqyaslı dahi şəxsiyyət və siyasi xadim kimi qiymətləndirib, Azərbaycanın regionda artan roluna və beynəlxalq nüfuzuna diqqət çəkib, öz ölkəsinin Azərbaycanla münasibətlərin hərtərəfli və davamlı inkişafında maraqlı olduğunu bildirib.
Peru Konqresinin Beynəlxalq münasibətlər komitəsinin sədri Maria del Karmen Alba Prieto tədbirdə çıxış edərək, hər iki əlamətdar hadisə ilə bağlı Azərbaycan xalqına təbriklərini çatdırıb. O, Azərbaycan və Peru arasında həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilən uğurlu əməkdaşlıq əlaqələrinin məmnunluq doğurduğunu qeyd edib.
Sonra Peru-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Xose Enrike Xeri Azərbaycanın Müstəqilliyinin 105-ci ildönümü münasibətilə Peru Konqresində qəbul olunmuş təbrik bəyanatını ölkəmizin səfirinə təqdim edib.
Mərasimdə qonaqlara Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub, foto və kitabların sərgisi təşkil edilib.

Siyasət 2023-05-28 09:18:00