“Şamaxı” Azərbaycan Premyer Liqasını tərk edib
Bakı, 28 may, AZƏRTAC
Azərbaycan Premyer Liqasında XXXVI – sonuncu turun daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, elitada qalmaq uğrunda mübarizə aparan autsayderlər “Səbail”lə “Şamaxı” komandaları birincilərin meydanında üz-üzə gəliblər.
Matçın 45+1-ci dəqiqəsində rəqib müdafiəçinin səhvini bağışlamayan “Səbail”in argentinalı yarımmüdafiəçisi Franko Mazurek hesabı açıb. Bu, həm də oyunda vurulan yeganə qol olub. 90+2-ci dəqiqədə rəqibi başla vuran bakılıların oyunçusu Elmir Tağıyev meydandan qovulub.
“Səbail” son dəqiqələri azlıqda keçirməsinə baxmayaraq, 1:0 hesablı qələbə qazanaraq, mövsümü 29 xalla doqquzuncu pillədə başa vurub.
İyirmi beş xalla axırıncı – 10-cu yeri tutan “Şamaxı” isə Premyer Liqanı tərk edib. AFFA idman prinsiplərini əsas götürsə, “Şamaxı” 2023/2024 mövsümünü I Divizionda, “Araz-Naxçıvan” isə elitada keçirəcək. Yalnız yüksək liqada komanda sayının 12-yə yüksəldilməsi qərarı veriləcəyi təqdirdə, “Şamaxı” çempionatdakı çıxışını davam etdirəcək.
Günün digər oyunlarında “Qəbələ” “Kəpəz”lə heç-heçə (1:1) edib, “Zirə” “Sumqayıt”a səfərdə 3:0 hesabı ilə qalib gəlib. Mövsümə mayın 28-də keçiriləcək “Neftçi” – “Sabah” və “Qarabağ” – “Turan Tovuz” görüşləri ilə yekun vurulacaq.
“Sabah”ın kapitanı: Azərbaycan basketbolunu Avropada ən yaxşı səviyyədə təmsil etmək istəyirik
“Sabah” basketbol klubunun baş məşqçisi: Qələbə uğrunda sona qədər mübarizə aparacağıq
Azərbaycanın tamblinq üzrə yığma komandası Parisdə keçirilən turnirdə qızıl medal qazanıb
Beynəlxalq Atletlər Forumunun birinci gününə yekun vurulub
Futbol üzrə Azərbaycan çempionatının VIII turuna yekun vurulub