×
A
A
A
Sazlamalar

İsveçin paytaxtında Azərbaycanın Müstəqillik Günü qeyd olunub VİDEO

Stokholm, 27 may, Rauf Əliyev, AZƏRTAC

İsveçin paytaxtında Azərbaycanın 28 May - Müstəqillik Günü qeyd olunub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın İsveç Krallığındakı səfirliyi tərəfindən təşkil edilən rəsmi tədbir Stokholmun ən məşhur muzeylərindən biri olan İsveç milli muzeyində reallaşıb.
Tədbirdə ölkəmizin İsveçdəki səfiri Zaur Əhmədov müsəlman dünyasında ilk parlamentli demokratiyanın - Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 1918-ci il mayın 28-də yarandığını bildirib.
Bütün çətinliklərə baxmayaraq, ölkəmizin həmin dövrdə təhsilə, regionda sülhün bərqərar olması işinə və ümumi inkişafa verdiyi əhəmiyyət barədə söz açan Zaur Əhmədov AXC-nin beynəlxalq əlaqələrin inkişafına da önəm verdiyini bildirib. O diqqətə çatdırıb ki, 1919-cu ildə Bakıda 16 xarici dövlətin, o cümlədən İsveçin diplomatik nümayəndəlikləri fəaliyyət göstərirdi. Amma təəssüf ki, 1920-ci ilin aprelində bolşevik istilası müstəqilliyə son qoyduğundan AXC-nin varlığı qısa oldu.
Ölkəmizin yenidən azadlığına qovuşduqdan sonra qazandığı uğurların Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdıran səfir, bu böyük şəxsiyyətin əziz xatirəsinin ölkəmizdə hörmətlə anıldığını və Ulu Öndərin 100 illik yubileyi münasibətilə dünyanın bir çox yerlərdə olduğu kimi İsveçdə də silsilə tədbirlərin keçirildiyini bildirib.
Azərbaycanın bu gün Avropanı karbohidrogen və eyni zamanda, “yaşıl enerji” ilə təminində etibarlı tərəfdaş kimi özünü sübut etdiyini deyən Zaur Əhmədov, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində mühüm tərəfdaş hesab edilən İsveç və Azərbaycan arasında əlaqələrinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb.
Mərasim caz konserti ilə davam edib. Caz ifaçısı, Əməkdar artist Şahin Növrəslinin rəhbərliyi ilə caz triosu müxtəlif kompozisiyalar ifa edərək, qonaqların böyük marağına səbəb olub.
Tədbirin sonunda qonaqlara rəsmi ziyafət verilib.

Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm

Siyasət 2023-05-27 23:21:00

Video