×
A
A
A
Sazlamalar

Mina təhlükəsi ilə mübarizəyə dair keçirilən konfrans bu problemin ictimailəşdirilməsi baxımından vacibdir – Açıqlama

Bakı, 27 may, AZƏRTAC

Azərbaycanda “Mina təhlükəsi ilə mübarizə – dayanıqlı inkişafa gedən yol” mövzusunda ikigünlük konfrans keçirildi. Konfransın ilk günü Ağdamda, ikinci günü isə Bakıda təşkil olundu. Düşünürəm ki, konfransın çox yaxşı nəticələri olacaq. Konfrans iştirakçısı olaraq burada müəyyən nəticələri gördüm. Azərbaycanın ev sahibliyi etdiyi konfransda 51 ölkəni təmsil edən 190-a yaxın rəsmi şəxs iştirak edirdi. Onlar tədbirin birinci günü mayın 25-də Ağdamda panel müzakirələrdə iştirak etdilər. Həmçinin Ağdamda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) fəaliyyət göstərdiyi minatəmizləmə sahəsinə səfər edib, minaların partlayış yolu ilə zərərsizləşdirilməsinin şahidi oldular. Mina partlayışları nəticəsində zərərçəkmiş amputant futbolçuların oyununu da izlədilər.
Bunu Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyinin sədri Rey Kərimoğlu AZƏRTAC-a müsahibəsində deyib.
Bildirib ki, Bakıdakı konfransda xarici qonaqların çıxışları tədbirin çox uğurlu keçdiyini göstərir. Azərbaycanın mina təhlükəsizliyinin miqyası onlar üçün tam aydın oldu. Konfrans iştirakçıları bunu öz ölkələrində və platformalarında yayacaqlar. Bu gün Azərbaycanda minatəmizləmə fəaliyyəti dünyada mövcud olan ən müasir və qabaqcıl texnologiyalardan istifadə etməklə aparılır. Xarici qonaqlar Azərbaycan dövlətinin minatəmizləmə sahəsində gördüyü işlərdə müasir texnologiyalardan istifadə edilməsi prosesi ilə tanış oldular. Eyni zamanda, Azərbaycan dövlətinin mina qurbanlarının reabilitasiyası üçün görülən işlərdən məmnun qaldılar. Lakin minatəmizləmə fəaliyyətimizin 90 faizindən çoxu ölkəmizin daxili resursları hesabına aparılır, xaricdən gələn dəstəyi həcmi hələ ki, çox məhduddur.
Azərbaycan qlobal səviyyədə də humanitar minatəmizləmə prosesinə töhfə verir. Azərbaycan humanitar minatəmizləmənin BMT-nin qlobal 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi (DİM) kimi təsis olunması təşəbbüsü ilə çıxış edib. Qoşulmama Hərəkatında da Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması ideyası istiqamətdə də müəyyən işlər aparılır. Azərbaycan minatəmizləmə fəaliyyətini dayanıqlı və davamlı inkişafla birbaşa əlaqə kontekstdə görür. Məhz buna görə Azərbaycanda humanitar minatəmizləmə 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi olaraq rəsmən elan edilir.
“Azərbaycan dünyada minalar və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş və minadan zərərçəkən ölkələr sırasındadır. 2020-ci ilin 10 noyabr tarixli üçtərəfli Bəyanatından indiyədək hər gün Azərbaycanda demək olar ki, mina insidenti baş verir. Bu gün də Tovuzda bir nəfər mina hadisəsi zamanı xəsarət aldı. Ümumiyyətlə, münaqişə başa çatdıqdan sonra belə Ermənistan Laçın yolundan istifadə edərək Azərbaycan ərazilərinə minalar döşəməyə davam edib. 44 günlük müharibədən sonra ərazimizdə 2021-ci il Ermənistan istehsalı olan 2700-dən çox piyada əleyhinə mina aşkarlanıb.
Eləcə də beynəlxalq tədbirdə Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətində qeyd olundu ki, Ermənistan işğal dövründə torpaqlarımıza ilkin qiymətləndirmələrə görə təxminən 1,5 milyondan çox mina basdırıb. Vətən müharibəsi başa çatandan bu günədək 302 vətəndaşımız mina qurbanı olub, onlardan 57-si həlak olub, 245-i isə ağır yaralanıb. Ümumilikdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-ə yaxın vətəndaşımız minalardan zərər çəkib, onlardan 587-si ölüb. Azərbaycan ciddi şəkildə mina təhlükəsizliyi ilə üzləşib. Həmçinin Ermənistan keçmiş təmas xəttinin kənardakı yollara, qəbiristanlıqlara, mülki təyinatlı digər obyektlərə tələ xarakterli minalar yerləşdirib. Bu da mina qurbanlarının gündən-günə artmasına səbəb olur. Azərbaycanın üzləşdiyi mina təhlükəsi kütləvi qırğın silahlarının doğurduğu dəhşətlə müqayisə oluna bilər”, - deyə ekspert vurğulayıb.
Onun sözlərinə görə, dünya mina təmizlənməsi prosesində Azərbaycana dəstək olmalıdır. Minatəmizləmə fəaliyyətimizin 90 faizindən çoxu ölkəmizin daxili resursları hesabına aparılır. Biz, eyni zamanda, bir sıra xarici tərəfdaşlarımızla bu sahədə əməkdaşlıq edirik. Təəssüflər olsun ki, ümumi mənzərəyə baxanda xaricdən gələn dəstəyin həcmi hələ ki, çox məhduddur. Odur ki, aparıcı dövlətlər, dünyanın donor təşkilatları Azərbaycanda mina təmizlənməsinə, mina təhlükəsinə dair maarifləndirmə işlərinə ciddi vəsait ayırmalı və ciddi iş görməlidirlər. Elə konfransın əsas məqsədi də Azərbaycanın üzləşdiyi mina probleminin miqyası və törətdiyi fəsadları beynəlxalq ictimaiyyətin və mina təhlükəsi ilə mübarizədə maraqlı olan tərəflərin diqqətinə çatdırmaq idi. Ona görə də belə konfranslar bu problemin ictimailəşdirməsinə, nəticədə isə həllinə nail olması baxımından çox vacibdir.
Humanitar minatəmizləmənin Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu söyləyən İctimai Birliyin sədr müavini deyib: “Yeri gəlmişkən, dünyada ən qabaqcıl texnologiyalarla təmin olunmuş ANAMA-nın ən peşəkar heyətə malik minatəmizləmə mütəxəssisləri də var. 25 il əvvəl yaradılan Agentlik dünyada çox böyük nüfuza malikdir. Mən konfransın yüksək səviyyədə təşkilatçılığına görə ANAMA, Azərbaycan dövlətinə və Birləşmiş Millətlər Təşkilatına (BMT) təşəkkür edirəm”.

Cəmiyyət 2023-05-27 22:20:00