×
A
A
A
Sazlamalar

“Yüksəliş” müsabiqəsinin qabiliyyət üzrə yoxlama imtahanı keçiriləcək

Bakı, 27 may, AZƏRTAC

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin ilk imtahanı olan qabiliyyət üzrə yoxlama imtahanı iyunun 10-da keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu mərhələdə müsabiqə iştirakçılarının verbal təhlil, rəqəmsal təhlil və abstrakt düşüncə bacarıqları təkrar yoxlanılır. İştirakçılar öncədən təyin olunan məkanlarda əyani şəkildə iştirak edirlər.
Onlayn mərhələdə keçirilən qabiliyyət üzrə imtahanda topladıqları balın 70 faizini, hər test bloku üzrə isə topladıqları balın ən azı 50 faizini təkrar edən iştirakçılar idarəetmə bacarıqları üzrə imtahanda iştirak hüququ qazanacaqlar.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsinin 20 qalibini bir il ərzində idarəçi rəhbərlərdən – iri şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 min manat dəyərində pul mükafatı gözləyir.
“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 5 mərhələdən ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci il dekabrın 20-də üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.

 

Elm və təhsil 2023-05-27 16:57:00