×
A
A
A
Sazlamalar

“Yaşıl iqtisadiyyat”a keçid müasir dövrün aktual məsələlərindən biridir

Bakı, 27 may, AZƏRTAC

Dünyada ətraf mühitin çirklənməsi, azalan təbii ehtiyatlar və artan tələbat fonunda dayanıqlı inkişafa nail olmaq üçün "yaşıl" iqtisadiyyatın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər mühüm əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, müasir dövrdə “yaşıl iqtisadiyyat”a keçid ən aktual məsələlərdən biridir. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2024-cü ilə qədər dünyada bərpa olunan mənbələr hesabına enerji istehsalı 2018-ci illə müqayisədə 50 faiz artacaq. Azərbaycanda da son illər bu istiqamətdə bir sıra önəmli addımlar atılıb. Respublika, həmçinin özünün zəngin resurslarına istinad etməklə elektrik enerjisi istehsalı mənbələrini şaxələndirmək istiqamətində tədbirlər həyata keçirir.
Belə ki, Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpasının təşviqi, ekoloji baxımdan əlverişli olan "yaşıl" texnologiyaların tətbiqinin genişləndirilməsi ilə bağlı konkret tapşırıqlar qoyulub.
Bu baxımdan Azərbaycanda qurulmuş təkrar emal prosesi "yaşıl iqtisadiyyat"ın inkişafına, rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsinə, ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edir. Təkrar emal yenidən istifadəsi mümkün olan materialların dövri olaraq istehlak prosesinə daxil edilməsidir və burada başlıca məqsəd təbii sərvətlərin israfının və ekoloji çirklənmənin qarşısını almaqla yanaşı, əlavə xammal bazası yaratmaqdır. Həmçinin nəzərə almaq lazımdır ki, təkrar emal ilkin istehsaldan fərqli olaraq, asan və tez başa gəlir, bu da enerji qənaətinə imkan verir.
Ölkəmizdə təkrar istehsal sahəsində sahibkarlar və potensial investorlar üçün əlverişli şərait yaratmaq məqsədilə Balaxanı Sənaye Parkı yaradılıb.
Balaxanı Sənaye Parkının yaradılması ölkədə yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsi, qeyri-neft sektorunun, o cümlədən "yaşıl" iqtisadiyyatın inkişafı, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması, paytaxt və ətraf qəsəbələrdə ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edir.
Balaxanı Sənaye Parkında rezident kimi fəaliyyət göstərmək sahibkarlara bir sıra üstünlüklər qazandırır. Belə ki, müasir texnoloji yeniliklər tətbiq edilməklə dayanıqlı inkişaf prinsiplərinə və ətraf mühitin mühafizəsi standartlarına uyğun fəaliyyət göstərən rezidentlər 10 il müddətinə mənfəət, torpaq, əmlak vergisindən azad edilir. Eyni zamanda, istehsal məqsədi ilə idxal edilən texnoloji avadanlıqlar ƏDV-dən və idxal rüsumundan 7 il müddətinə azad olunur.
Tullantıların idarə olunması və ətraf mühitə təsirini azaltmaq sahəsində səmərəli təcrübələrdən biri də onların yandırılaraq zərərsizləşdirilməsi və bu prosesdən enerji əldə olunmasıdır. Qeyd edək ki, zavod tullantıların yandırılması prosesi nəticəsində il ərzində 200 milyon kilovat/saata qədər elektrik enerjisi hasil etmək gücünə malikdir və il ərzində əldə edilən enerji ilə 100 min ev təsərrüfatını elektrik enerjisi ilə tam təmin etmək mümkündür. Dördüncü nəsil (4G) texnologiyalarının tətbiqi ilə qurulan zavod istehsal gücünə görə Şərqi Avropada və MDB məkanında bu tipli ən iri zavod hesab olunur və Avropa İttifaqının ətraf mühitin mühafizəsi sahəsində ən sərt normativlərinə tam cavab verir.
Prezident və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi rəşadətli Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə nəticələnərək, torpaqlarımız işğalçılardan azad edilib. İşğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq, iqtisadi reinteqrasiya tədbirləri aparılır və bu istiqamətdə nəzərdə tutulmuş strateji baxışlardan biri də bu ərazilərdə “yaşıl enerji” zonasının yaradılmasıdır. Bu da onunla bağlıdır ki, sözügedən ərazilər bərpa olunan enerji mənbələri ilə zəngindir və Azərbaycanın “yaşıl enerji” vadisi hesab olunur. Həmin ərazilərdə günəş, külək və su ehtiyatları vasitəsilə elektrik enerjisinin istehsalı üçün yeni imkanlar yaranıb.
Qeyd edilənlər Azərbaycanda gələcək iqtisadi inkişafın ekoloji təmiz texnologiyaların tətbiqi, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası sahəsində işlərin artırılması ilə sıx bağlı olacağını deməyə əsas verir.

İqtisadiyyat 2023-05-27 15:40:00