×
A
A
A
Sazlamalar

ÜST başçısı tütün istehsalına pul ayırmağı dayandırmağa çağırıb

Bakı, 27 may, AZƏRTAC

Tütün məmulatlarından istifadə ilə bağlı səbəblərdən hər il 8 milyon insan ölür. Bununla yanaşı, bütün dünyadakı hökumətlər tütün istehsalına pul ayırmaqda davam edirlər. Bu barədə 31 May - Ümumdünya Tütünsüz Günü ərəfəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) başçısı Tedros Qebreyesus bəyan edib.
AZƏRTAC xəbər verir ki, o, ölkələrin hakimiyyət orqanlarını milyonlarla insanı qidalandıra biləcək mədəni bitkilərin becərilməsini dəstəkləməyə çağırıb.
ÜST-nin dərc etdiyi “Tütün yox, ərzaq məhsulları becərin” adlı hesabatda tütün istehsal edən fermerlərin maraqlarını dəstək qrupları vasitəsilə lobbiləşdirən, fermerləri “borc əsarətində” saxlayan, tütünün iqtisadi faydalarını şişirdərək onun becərilməsini təbliğ edən tütün sənayesi ifşa olunur.
ÜST ekspertləri qeyd edirlər ki, tütün təkcə istehlakçılara zərər vurmur. Onun istehsalı ilə bağlı olan proseslər fermerlərin özlərində xəstəliklərə, o cümlədən ağciyər xroniki xəstəliklərinə və nikotinlə zəhərlənməyə (bu xəstəlik “yaşıl tütün xəstəliyi” kimi də tanınır) səbəb olur. Bununla yanaşı, dünya üzrə tütün sənayesində 1 milyondan artıq uşaq çalışır.
“Tütün becərən hər dörd fermerdən biri “yaşıl tütün” xəstəliyindən əziyyət çəkir. Xəstəlik tütün yarpaqlarının emalı zamanı nikotinin dəri vasitəsilə sorulması, daha sonra bütün orqanizmə yayılması nəticəsində əmələ gəlir. Bəzi simptomlara qeyri-ixtiyari öyümə, baş gicəllənməsi, başağrısı, qarında ağrılar və təngnəfəslik aiddir və bu əlamətlər orta hesabla 1-3 gün davam edir”, - deyə ÜST-nin hesabatında bildirilir.
“Tütün əvəzinə ərzaq məhsullarının becərilməsini seçərkən biz sağlamlığa üstünlük verir, ekosistemi qoruyur və hamı üçün ərzaq təhlükəsizliyini möhkəmləndiririk”, - deyən T.Qebreyesus xatırladıb ki, bütün dünyada 300 milyondan artıq insan kəskin ərzaq çatışmazlığı ilə qarşılaşır. Bununla yanaşı, dünyanın 120-dən çox ölkəsində, - hətta insanların aclıq çəkdiyi ölkələrdə belə, - 3 milyon hektardan artıq ərazidən tütün becərilməsi üçün istifadə olunur.
İndiyədək hesab edilir ki, tütün istehsalı başlıca olaraq Asiya və Cənubi Amerika üçün problemdir. Tütün sənayesinin dünya üzrə həcminin 55 faizi Braziliya, Çin və Hindistanın payına düşür.
ÜST-nin hesabatında xəbər verilir ki, son vaxtlar tütün şirkətləri Afrikada da istehsal imkanlarını mənimsəyiblər. Belə ki, 2005-ci ildən bəri tütün becərilən fermer ərazilərinin sahəsi Afrika qitəsində təqribən 20 faiz artıb, eyni zamanda, dünyada bütövlükdə bu göstərici azı 15 faiz aşağı düşüb. ÜST-nin Avropa regionunda Yunanıstan, İtaliya, İspaniya, Polşa, Serbiya və Türkiyə tütün bitkilərinin becərilməsi üzrə lider ölkələr sırasındadır.
ÜST, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Proqramı (FAO) və Ümumdünya Ərzaq Proqramı Keniya və Zambiyada 5 min fermerə ərzaq məhsullarının becərilməsinə keçməyə imkan verəcək təşəbbüsü dəstəkləyir.
Hər il mayın 31-də ÜST və onun tərəfdaşları Ümumdünya Tütünsüz Günü qeyd edir, tütün məmulatlarından istifadə ilə bağlı problemlərə, bununla bağlı mübarizədə effektli siyasi tədbirlərə diqqət çəkirlər.
ÜST tütün üzərində nəzarət sahəsində nailiyyət qazananlara hər il mükafatlar da təqdim edir. Bu il mükafatı Keniyadan olan qadın sahibkar Sprina Robi Çaça alıb. O, bu bitkinin becərilməsindən imtina edərək paxlalıların istehsalına keçib, eləcə də belə keçid üsullarını yüzlərlə digər fermerlərə öyrədib.

Səhiyyə 2023-05-27 15:40:00