×
A
A
A
Sazlamalar

Sahil zolağı tullantılardan təmizlənib

Bakı, 27 may, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman nazirliklərinin təşkilatçılığı, “Təmiz Şəhər” ASC-nin, idman federasiyalarının nümayəndələrinin, cüdoçuların, güləşçilərin, gənclər evlərinin nümayəndələrinin, ekokönüllülərin iştirakı ilə bu gün Xəzər dənizinin Zirə qəsəbəsi sahilində, eyni zamanda şimaldan cənuba doğru bütün sahilboyu ərazilərdə təmizlik aksiyaları keçirilib.
Aksiyalar zamanı sahil zolağı plastik və digər tullantılardan təmizlənib, tullantılar toplanaraq aidiyyəti üzrə daşınıb.
AZƏRTAC xəbər verir ki, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev təmizlik aksiyasının keçirilməsində məqsədin dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və ictimaiyyəti ətraf mühitinin mühafizəsi sahəsində mübarizəyə cəlb etmək olduğunu deyib: "Bu gün Zirədə böyük bir ərazini təmizlədik. Aksiyada iştirak etməklə cəmiyyətimizə bir mesaj da göndərdik. Hər kəsə çağırışımız da məhz budur. İnanırıq ki, belə təşəbbüslərə daha çox insan qoşulacaq və çağırışlarımız öz müsbət nəticəsini verəcək".

Gənclər və idman naziri Fərid Qayıbov belə aksiyaların gənclərin tərbiyələndirilməsində mühüm əhəmiyyət kəsb etdiyini bildirib: "İdmançılarımız bu dəfə fərqli bir sahədə Vətənimizə fayda verdilər. Hər zaman ekoloji kampaniyalarda aktiv iştiraka hazırıq. Lakin biz istəyirik ki, belə aksiyalara ehtiyac olmasın, vətəndaşlar daha məsuliyyətli və diqqətli davranış nümayiş etdirsin, təbiətə yanaşma tərzlərini müsbətə doğru dəyişsinlər. Ümidvarıq ki, hər kəs səsimizə səs verəcək və təbiətə laqeyd və etinasız münasibət sevgi və qayğı ilə əvəzlənəcək".

Aksiya iştirakçısı, ikiqat Paralimpiya çempionu İlham Zəkiyev bugünkü aksiyada idman ictimaiyyətinin nümayəndələrinin, gənclərin çox aktiv iştirak etdiyini deyib: "Vətənə hər bir sahədə xidmət etmək bir vətəndaş olaraq hamımızın borcudur. Beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil etdiyimiz kimi, onun təbiətinə də, ətraf mühitinin mühafizəsinə də töhfə verməliyik. Peşəmizdən, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, təbiətə sevgi ilə yanaşmalı, Vətənimizin gözəlləşməsində pay sahibi olmalıyıq. İdman ictimaiyyəti olaraq hər kəsi təbiəti çirkləndirməməyə çağırırıq".

Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva gənclər evlərinin nümayəndələrinin böyük məmnuniyyətlə təmizlik aksiyasına qoşulduğunu deyib. O, fikirlərinə belə davam edib: "Qarşıdan yay mövsümü gəlir. Hər birimiz istirahət məqsədilə öz əzizlərimizlə dəniz sahilinə üz tutacağıq. Təbii ki, istirahətdən zövq almaq üçün ətrafın təmiz olması da vacibdir. Əks halda həm əhvalımız korlanacaq, həm də sağlamlığımız üçün problem yaranacaq. Odur ki, istirahət etdiyimiz yerlərdə özümüzdən sonra təmizliyə riayət edək. Tullantıları həmin ərazidə qoyub getməyək. Hər kəsi həm belə aksiyalarda iştiraka, həm də sahilyanı əraziləri, istirahət zonalarını təmiz saxlamağa səsləyirik".

İlk dəfədir belə aksiyada iştirak etdiyini deyən cüdoçu Vüsalə Hacıyeva gördüyü mənzərənin heç də xoş olmadığını bildirib: "Bəlkə də insanlar özlərindən sonra tullantıların bir ərazinin gözəlliyinə necə xələl gətirdiyini görə bilmirlər. Gördüyümüz mənzərə heç də ürəkaçan deyil. Xəzər dənizinin gözəlliyi sanki tullantıların kölgəsində qalıb. Daha çox plastik butulkalar, polietilen torbalar topladıq. Həmin tullantıların təbiətə mənfi təsirləri barəsində də məlumatlıyıq. Odur ki, həm sağlamlığımız, həm də istirahətimiz naminə dincəldiyimiz əraziləri çirkləndirməyək, tullantıları özümüzlə götürüb onlar üçün ayrılmış qablara ataq".

Dənizi çox sevdiyini, yay mövsümündə tez-tez dənizə getdiyini deyən idmançı Aysun Məmmədova bildirib: "Sahillərdəki tullantıları görəndə Xəzərin gözəlliyindən zövq ala, istədiyim kimi istirahət edə bilmirəm. Hər zaman gedəndə özümlə əlavə torba götürür, tullantıları toplayıb özümlə götürürəm. Hər kəs bu cür davransa, sahillərimiz təmiz qalar".

Aksiyadan sonra iştirakçılar Abşeron Milli Parkını ziyarət ediblər.

Qeyd edək ki, sahilboyu ərazilərin təmizlənməsi məqsədi daşıyan bu cür aksiyaların mövsüm boyu hər həftə sonu keçirilməsi nəzərdə tutulub.

 

 

 

Ekologiya 2023-05-27 15:30:00