×
A
A
A
Sazlamalar

Səməd Vurğun adına Kiyev Kitabxanası hərbi vəziyyət şəraitində yeni layihələri nəzərdən keçirir

Bakı, 27 may, AZƏRTAC

Kiyevdə Azərbaycan mədəniyyəti və ədəbiyyatının təbliği ilə də məşğul olan bir sıra mədəniyyət müəssisələri fəaliyyət göstərir. Onların arasında Səməd Vurğun adına Kiyev Kitabxanası da var. Bu kitabxana 1974-cü ildən fəaliyyət göstərir və Azərbaycanın görkəmli şairi Səməd Vurğunun adını daşıyır. 2006-cı ildə kitabxananın binası önündə görkəmli şairin Azərbaycan mənşəli heykəltəraş Seyfəddin Qurbanovun müəllifi olduğu heykəli də qoyulub. Həmin vaxt əsaslı təmirdən sonra kitabxananın açılışı olub, burada interyerə çoxlu yeni ştrixlər və Azərbaycan elementləri əlavə edilib. Bu gün kitabxana hərbi vəziyyət şəraitində işləyir və yeni layihələri inkişaf etdirməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu günlərdə kitabxanada kollektivin ictimai xadim Aleksey Şevçuk ilə görüşü olub. Bu görüş çərçivəsində yeni layihələrin həyata keçirilməsi imkanları və müəssisənin fəaliyyətinin gücləndirilməsi məsələləri müzakirə edilib.
Kitabxananın rəhbəri Larisa Komarovanın sözlərinə görə, müəssisə 2022-ci il sentyabrın ilk günlərində öz fəaliyyətini bərpa edib və Kiyev şəhərinin Obolon rayonunun mühüm mədəniyyət mərkəzlərindən biri kimi öz missiyasını yerinə yetirməkdə davam edir. Bu yaxınlarda kitabxanada 37 nömrəli uşaq musiqi məktəbi şagirdlərinin konserti olub. Müəssisə uzun müddətdir ki, bu məktəblə əməkdaşlığı inkişaf etdirir. Cari ildə kitabxanada artıq bir neçə tədbirlər keçirilib. Bu tədbirlər çərçivəsində tarixi reallıqlar barədə məlumatlar da təqdim edilir.
Aleksey Şevçukun söylədiyinə görə, bu gün dost ölkələrlə, o cümlədən Azərbaycanla mədəni münasibətləri inkişaf etdirmək çox mühümdür. Həmin ölkələr Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və ona humanitar yardım göstərir. Aleksey Şevçuk qeyd edib: “Burada Ukrayna-Azərbaycan münasibətləri tarixinin unikal təqdimatı, eyni zamanda, Kiyevin və paytaxtın Obolon rayonunun ölkələrimiz arasında dialoqun inkişafında rolu məndə böyük təəssürat yaratdı. Obolon rayonunun sakininin kitabxana haqqında məlumat əldə etdikdən sonra Səməd Vurğunun portreti olan gözəl xalçanı hədiyyə etməsi də maraqlı oldu. Kiyev sakini Azərbaycanda xidmət edib və onun üçün bu gözəl ölkə haqqında xatirələr əzizdir. O, bu səbəbdən xalçanın insanlara sevinc bəxş edəcəyini düşünüb. Kitabxanada təkcə Azərbaycan haqqında böyük ədəbi fondlar deyil, həm də dost ölkənin incəsənətini təbliğ edən müxtəlif əşyalar mövcuddur. Bu eksponatlar bizim şəhərin qonaqları üçün də çox maraqlıdır. Çünki müəssisə Ukraynada bu cür yeganə nadir kitabxanadır”.
İctimai xadim qeyd edib ki, o, kitabxananın fondunun zənginləşməsi üçün aksiya keçirilməsi təşəbbüsünə hazırdır. Bu, kitabxanaya olan marağı da artıracaq. Belə ki, pandemiyanın əvvəlindən baş verənlər, sonra isə hərbi vəziyyətdən sonra yaranan şərait bu mühüm mədəniyyət obyektinin iş rejiminə də təsir edib. Öz növbəsində, kitabxana müdiri kollektivin indi hazırlaşdığı və nəzərdə tutulan tədbirlər və layihələrdən də bəhs edib. O qeyd edib ki, Ukrayna-Azərbaycan dialoqunun inkişafı və Kiyevdə Azərbaycan ədəbiyyatının təbliği müəssisənin fəaliyyətinin mühüm istiqamətidir.
Söhbət həmin gün kitabxanaya gələnlərin də qonaq edildiyi Azərbaycan çayı və paxlavası olan süfrə arxasında davam edib. Görüşdə Ukrayna-Azərbaycan layihələrinin kuratoru Marına Qonçaruk, Kiyev Milli Linqvistika Universitetinin Heydər Əliyev adına Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru İntiqam Şıxızadə, rayonun kitabxanaya gələn daimi oxucuları və sakinləri iştirak ediblər. Bu görüş 1956-cı il mayın 27-də dünyasını dəyişmiş Səməd Vurğunun xatirəsinə həsr olunub.

 

 

Mədəniyyət 2023-05-27 13:14:00