×
A
A
A
Sazlamalar

Norveç Mərkəzi Bankı kriptovalyutalar üçün tənzimləyici çərçivənin tezliklə yaradılmasına çağırıb

Stokholm, 27 may, AZƏRTAC

Norveç Mərkəzi Bankı kriptovalyutalar üçün tənzimləyici çərçivənin tezliklə yaradılmasına çağırıb.
AZƏRTAC xəbər verir ki, dövlət tənzimləyicisi mümkün qədər tez kriptoaktivlər üçün sistem bazasının yaradılması üzrə tədbirlərin görülməsinin tərəfdarıdır. Norveç Bankı ümumavropa qanunvericiliyinin qüvvəyə minməsini gözləməyə deyil, ölkənin öz qanunvericiliyini inkişaf etdirməyə səsləyib.
“Beynəlxalq tənzimləyici baza çox vacibdir. Bununla belə, Norveç səlahiyyətliləri beynəlxalq tənzimləyici qərarları gözləməkdənsə, daha sürətli hərəkət edib-etməməyi qiymətləndirməli və vəziyyəti yaxından öyrənməlidir”, - deyə Mərkəzi Bankın hesabatında bildirilir.
Məsələ xüsusilə ümumavropa tənzimləyici çərçivənin yaradılmasından əvvəl mərkəzləşdirilməmiş maliyyə sistemi ilə bağlı risklərin idarə edilməsi proseduruna aiddir.
Cari ayın əvvəlində Avropa İttifaqı kripto aktivlərini tənzimləmək üçün dünyanın ilk hərtərəfli qaydalar dəstini təsdiqləyib, bundan sonra kripto aktivləri buraxan və ticarət edən firmaların 2024-cü ilin ortalarından başlayaraq milli tənzimləyicilər tərəfindən lisenziya alması da tələb olunur. Aİ, həmçinin vergidən yayınma və kriptovalyuta köçürmələrinin çirkli pulların yuyulması üçün istifadəsi ilə mübarizə aparmaq üçün yeni kriptovalyuta köçürmələrinin izlənilməsi qaydalarını yaratmaqdadır.
Norveç formal olaraq Avropa İttifaqına daxil deyil, lakin yeni qaydaların Avropa Azad Ticarət Assosiasiyasının üzvü olan krallıqda tətbiq olunacağı ehtimal edilir.

Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

Dünya 2023-05-27 07:14:00