Müstəqillik Günü tarixi Qələbəmizlə ikiqat əlamətdar bayrama çevrilib
Xaçmaz, 27 may, Elxan Yusifli, AZƏRTAC
Bu il müsəlman dünyasında ilk parlamentli, dünyəvi, demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 105 illiyi qeyd olunur. Azərbaycan Xalq Cümhuriyyəti çox çətin şəraitdə və qısa müddət ərzində milli dövlət təsisatlarını yaratmağa, dövlət atributlarını qəbul etməyə, eləcə də ölkənin beynəlxalq aləmdə tanınması üçün qətiyyətli addımlar atmağa nail olub. Cəmi 23 ay yaşayan Cümhuriyyətin azadlıq ideyaları və dövlət müstəqilliyi ənənələrinin Azərbaycan xalqının təfəkküründə möhkəm yer tutub və ölkəmiz 1991-ci ildə müstəqilliyini yenidən bərpa edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Xaçmazda 28 May - Müstəqillik Gününə həsr olunan “Müstəqilliyimiz əbədidir” mövzusunda tədbirdə bildirilib.
İştirakçıları əvvəlcə Xaçmaz rayon Heydər Əliyev mərkəzində Ümummilli Liderin regionlara səfərlərini özündə əks etdirən fotostendlərlə tanış olublar.
Tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Günel Nürəddinova müstəqillik tariximizlə bağlı məlumat verib. Qeyd edib ki, Müstəqillik Günü tariximizin ən şanlı və parlaq səhifələrindən biridir. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti özünün dövlətçilik əsasları və demokratik islahatları ilə xalqımızın tarixi taleyində mühüm rol oynayıb.
Çıxışlarda vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində işğalçı Ermənistan Ordusu darmadağın edildi və tarixi Zəfərə qazanıldı. Bu, Azərbaycan xalqının böyük tarixi Qələbəsidir. Bununla Müstəqillik Günü ikiqat əlamətdar tarixi bayrama çevrilib.
Tədbirdə Müstəqillik Günü ilə bağlı videoçarx nümayiş etdirilib, konsert proqramı təqdim olunub. Müstəqilliyimizə, Vətənimizə, üçrəngli bayrağımıza həsr olunmuş ifalar iştirakçılarda əsl bayram ab-havası yaradıb.
“Naxçıvan - bəşəriyyətin beşiyi” VI Beynəlxalq Rəsm Festivalının açılış tədbiri olub
Şimal bölgəsinin 17 məktəbində beynəlxalq qiymətləndirmə imtahanları keçirilir
Qubadakı “Oxu bayramı”nda mindən çox kitab və yeni nəşrlər nümayiş etdirilib