Belçikada Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirilib
Brüssel, 27 may, AZƏRTAC
Ölkəmizin Belçikadakı səfirliyində Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirilib.
AZƏRTAC xəbər verir ki, qəbulda Brüsseldə fəaliyyət göstərən diplomatik korpusun, Belçikanın dövlət qurumlarının, ictimai, mədəni, işgüzar dairələrin, NATO, Avropa İttifaqı və Avropa Parlamentinin nümayəndələri, Brüsseldə yerləşən tədqiqat mərkəzləri və KİV təmsilçiləri, Belçika, Lüksemburq və Niderlanddan olan azərbaycanlı icmaların təmsilçiləri, Belçikada təhsil alan tələbələrimiz iştirak ediblər.
Səfir Vaqif Sadıqov qəbulda çıxış edərək, 105 illiyini qeyd etdiyimiz Azərbaycan Demokratik Respublikasının yaranmasından və keçdiyi yoldan danışıb, müsəlman dünyasında ilk demokratik ölkə olan ADR-in tarixi əhəmiyyətindən söz açıb, müasir müstəqil Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı nailiyyətlərdən, sosial-iqtisadi inkişafından bəhs edib.
Sonra səfir Azərbaycan-Belçika münasibətləri haqqında məlumat verib. O, Azərbaycan və Avropa İttifaqı arasındakı münasibətlərin də uğurla inkişaf etdiyini, müxtəlif sahələr üzrə fəal dialoqun aparıldığını, Azərbaycanın Avropa İttifaqı ilə strateji tərəfdaşlıq münasibətlərində, xüsusilə enerji və bərpaolunan resurslar sahəsində əməkdaşlıqda maraqlı olduğunu bildirib.
Tədbirin bədii hissəsində dünyanın müxtəlif ölkələrində yaşayan və beynəlxalq müsabiqələrin laureatları olmuş azərbaycanlı musiqiçilər - pianoçu Nərmin Nəcəfli, balaban ustası Ələfsər Rəhimov və xanəndə Sadıq Ağaməliyev klassik və milli musiqimizdən ibarət konsert proqramı ilə çıxış ediblər.
Azərbaycanın mədəniyyəti, təbiəti, regionlar və Şuşa haqqında videoçarxlar da nümayiş olunub.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel
Milli Məclisin növbəti plenar iclasında 28 məsələ müzakirə olunub
Azərbaycan ilə Rusiya arasında Xəzər dənizi məsələləri üzrə məsləhətləşmələr keçirilib
Səudiyyə Ərəbistanında Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib
Avropa İttifaqı Şurasının nümayəndə heyəti Milli Məclisdə olub
Vüqar Rəhimzadə: Prezidentin azad Laçına məhz 28 Mayda səfər etməsinin böyük rəmzi mənası var