×
A
A
A
Sazlamalar

İstedadlı rəssam Eldəniz Babayevin “Zəfər müjdəsi” adlı fərdi sərgisi açılıb

Bakı, 26 may, Emil Məlikov, AZƏRTAC
Mayın 26-da Muzey Mərkəzinin Sərgi Qalereyasında Azərbaycan Respublikasının 105, Türkiyə Cümhuriyyətinin 100 və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə istedadlı rəssam Eldəniz Babayevin “Zəfər müjdəsi” adlı fərdi sərgisinin açılışı və eyniadlı kitabın təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni, həmçinin Türkiyə Cümhuriyyətinin İstiqlal Marşı səsləndirilib.
Sonra Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı çıxış edərək deyib: “Türkiyə-Azərbaycan əlaqələri həmişə qardaşlıq münasibətləri üzərində qurulub. Bu gün burada açılan rəssam Eldəniz Babayevin sərgisi Qarabağ Zəfəri ilə bağlıdır. Bu münasibətlə onu təbrik edir və Türkiyədə də bu cür sərgisinin açılmasını tövsiyə edirəm".
Bakı İncəsənət Mərkəzinin direktoru Rafael Gülməmmədli sərgi haqqında ümumi məlumat verərək, sərginin rəssamın yaradıcılığının müxtəlif dövrlərini əks etdiyini bildirib. O deyib: "Sərgidə rəssamın əsasən portret, natürmort, məişət və tarixi janrlarda yaratdığı təqribən yetmişə qədər boyakarlıq və qrafika əsəri nümayiş olunur. Burada Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbəsini, “Bir millət, iki dövlət” kəlamının aktuallığını, Azərbaycan-Türkiyə dostluğunu tərənnüm edən, həmçinin xalqımızın məişətini, adət-ənənələrini, mədəniyyətini vəsf edən təsviri sənət nümunələri sərgilənir. Sərgidə Azərbaycan və Türkiyənin istiqlal, azadlıq ideyalarını yaradıcılıqlarında önə çəkmiş şairlərin qrafik portretləri nümayiş olunur ki, bu da ilk növbədə, millət vəhdətin və iki dövlətin heç vaxt enməyəcək bayraqları altında müstəqil həyatının rəmzidir. Eyni zamanda, sərgidə rəssamın həyat və yaradıcılığını, ictimai və maarifçilik fəaliyyətini özündə əks etdirən “Eldəniz Babayev. Zəfər müjdəsi” (müəllif Mirzə Talıbov) adlı kitab-kataloqu da təqdim olunur”.
Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov sərginin əhəmiyyətindən danışıb: "Bu gün gözəl bir sərginin keçirilməsinin şahidiyik. Sərgidə türk dövlətlərinin birgə dostluq obrazları nümayiş olunur. Türkiyə və Azərbaycan hər zaman qardaş münasibətində olub. Hər zaman da belə olacaq. Bugünkü sərgini mən çox qiymətləndirirəm və bir nüansı qeyd etmək istəyirəm ki, Heydər Əliyev hər zaman yaradıcı insanlara diqqət, qayğı göstərirdi. O deyirdi ki, yaradıcı insanlar qeyri-adi təbiətə məxsus insanlardır, onları qorumaq lazımdır".
Xalq rəssamı Fuad Salayev sərgi haqqında öz fikirlərini bölüşüb: "Hər bir rəssam öz əsərlərini təqdim edərkən cəmiyyətə nə demək istədiyini nümayiş etdirir, öz daxili aləmini göstərir. Bu gözəl sərginin keçirilməsi münasibətilə mən Eldəniz Babayevi təbrik edirəm və yaradıcılığında davamlı uğurlar arzulayıram".
Sonra "Zəfər müjdəsi" kitabının tərcüməçisi, tanınmış jurnalist, tərcüməçi İen Piert kitab haqqında danışıb, sərginin əhəmiyyətindən söz açıb.
“Bakı” Rəsm Qalereyasının rəhbəri, rəssam Eldəniz Babayev sərgidə iştirak edən hər kəsə öz təşəkkürünü bildirərək, məmnunluğunu dilə gətirib.
Sonda bədii hissə təqdim olunub və sərgiyə baxış keçirilib.
Sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin, Azərbaycanda Atatürk Mərkəzinin, Muzey Mərkəzinin, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin, Azərbaycan Rəssamlar İttifaqının, “Bakı” Rəsm Qalereyasının, “Yeni Gallery” Bakı İncəsənət Mərkəzinin, Xətai İncəsənət Mərkəzinin dəstəyi ilə təşkil olunub.

Mədəniyyət 2023-05-26 21:57:00