×
A
A
A
Sazlamalar

“Həyat, deyəsən, gözəldir” filmi təqdim olunub

Bakı, 26 may, AZƏRTAC

Mayın 26-da Azərbaycan Rəngkarlığı Muzeyində Xalq artisti, rejissor Vaqif Mustafayevin “Həyat, deyəsən, gözəldir” filminin təqdimat mərasimi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, mərasimdə respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb. O, rejissor Vaqif Mustafayevin yaradıcılığı haqqında danışıb, filmin ərsəyə gəlməsində xidmətləri olan hər kəsə təşəkkür edib.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova, Xalq artisti Oqtay Mirqasımov, yazıçı-publisist Əlisəfdər Hüseynov, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli Cabbarov Vaqif Mustafayevin zəngin yaradıcılığı və ekranlaşdırdığı filmlərin özünəməxsusluğu, kino estetikası barədə çıxış ediblər.
Sonra “Həyat, deyəsən, gözəldir” filmi təqdim olunub.
Film erməni daşnaklarının 30 ilə yaxın bir müddətdə zəbt edərək talayıb viran qoyduğu Qarabağ torpaqları uğrunda gedən 44 günlük Vətən müharibəsindəki Zəfərimizdən bəhs edir. Azərbaycan Ordusunun hücumları nəticəsində ermənilər aciz qalır, təlaşa düşürlər. Əsir alınan erməni əsgərləri arasında iki qardaş da var. Qardaşların sonrakı aqibəti tragikomik janrda olan ekran əsərinin əsasını təşkil edir.
İlkin işçi adı “Fəryad II” olan filmin ssenari müəllifi və rejissoru Vaqif Mustafayev, təsvir rejissoru Orxan Abbasov, rəssamı Quram Navrozaşvili, geyim rəssamı Keti Kalandadze, bəstəkarı Tural Məmmədli, prodüseri isə Fariz Əhmədovdur. Əsas rollarda Hikmət Rəhimov, Sevinc Əliyeva, Nino Qomarteli, Dmitri Samxaradze, Giorgi Celiya və Aftandil Maxaradze çəkiliblər.
Ekran əsəri Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasının istehsalıdır.

 

Mədəniyyət 2023-05-26 20:30:00