×
A
A
A
Sazlamalar

Cinayət təqibi zamanı azadlıq hüququna hörmətlə yanaşılması diqqət mərkəzindədir

Bakı, 26 may AZƏRTAC
Baş Prokurorluğun Elm-Tədris Mərkəzi mayın 23-dən 25-dək tabe rayon (şəhər) prokurorluqlarının, habelə daxili işlər orqanlarının ümumilikdə 51 əməkdaşı üçün “Cinayət təqibi ilə bağlı azadlıq hüququnun məhdudlaşdırılması zamanı müasir beynəlxalq təcrübənin nəzərə alınması” mövzusunda kurs keçirilib.
Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, müasir informasiya-kommunikasiya texnologiyalarından, eləcə də təhlil-tədqiqat materiallarından geniş istifadə etməklə keçirilmiş bu tədbirə iştirakçılar hibrid şəkildə qoşulub.
Kurs çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna görə cinayət prosesində tutulmanın əsasları, həbs və ev dustaqlığı qətimkan tədbirlərinin tətbiqi və uzadılması standartları tədris edilib, onların tətbiqində yol verilən çatışmazlıqlar diqqətə çatdırılaraq, qarşısının alınması yolları ətraflı izah edilib.
Tədris zamanı Avropa Şurası Nazirlər Komitəsinin 2022-ci il 8-9 mart tarixli qətnaməsindən irəli gələn neqativ hüquq üzrə öhdəliklər dinləyicilərlə müzakirə edilib.

 

 

Cəmiyyət 2023-05-26 18:41:00