×
A
A
A
Sazlamalar

İnsan alveri və gender əsaslı zorakılıq qurbanlarına dəstək sahəsində təlimlər uğurla yekunlaşıb

Bakı, 26 may, AZƏRTAC
Fevralın 28-dən mayın 26-dək ABŞ İnkişaf Agentliyinin maliyyələşdirdiyi BMqT-nin İnsan Alverinə Qarşı Mübarizə üzrə Fəaliyyət layihəsi çərçivəsində təşkil olunmuş Liderlik, Kompüter savadlılığı və Əsas mühasibatlıq təlim kurslarından ümumilikdə 30 qadın faydalanıb.
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi cəmiyyətin həssas qruplarından olan qadınları təhlükəsiz və sabit iş tapmaq imkanı verən rəqəmsal və qeyri-texniki bacarıqlarını təkmilləşdirməkdir.
Təlimlər Sumqayıt Qadın Resurs Mərkəzində BMT-nin İnkişaf Proqramı ilə birgə əməkdaşlıq çərçivəsində təşkil olunub. Rəqəmsal və mühasibat bacarıqları bu gün məşğulluq bazarında, xüsusən də natamam təhsilli və ya təhsildən yayınmış qadınlar üçün vacib tələblərdəndir. 48 saatlıq kompüter təlimlərində 18 benefisiar elektron poçtdan istifadə, informasiya axtarışı, Word, MS Excel və MS Power Point proqramları vasitəsilə sənədlər, cədvəllər və təqdimatlar yaratmağı öyrəniblər.
Mühasibatlıq kursunu bitirmiş benefisiarlardan biri olan təlimlərin onların gələcəkdə iş tapmaqda kömək olacağına əmin olduğunu bildirib.
BMqT tərəfindən 2015-ci ildən etibarən həyata keçirilən USAID-in maliyyələşdirdiyi İnsan Alverinə Qarşı Mübarizə layihəsi Azərbaycan hökumətinə və QHT-lərə insan alverinin və məcburi əməyin qarşısının alınması və onunla mübarizədə, o cümlədən gender əsaslı zorakılığın aradan qaldırılmasında Azərbaycanın səmərəliliyini daha da artırmaqda kömək edir. Buraya insan alveri və məcburi əməyin potensial və faktiki qurbanlarına kömək edən sığınacaqları idarə edən vətəndaş cəmiyyəti təşkilatlarına texniki və maliyyə dəstəyi daxildir.

Cəmiyyət 2023-05-26 19:02:00