×
A
A
A
Sazlamalar

Hərb Tarixi Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 105 illiyi qeyd olunub

Bakı, 26 may, AZƏRTAC

Mayın 26-da Azərbaycan Hərb Tarixi Muzeyində müsəlman Şərqində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 105 illik yubileyinə həsr olunmuş “Müstəqillik tariximiz 105 ildə” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Müdafiə Nazirliyinin idarə və müəssisələrinin, veteran təşkilatlarının və respublikada fəaliyyət göstərən QHT nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan qəhrəmanlarımızın ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə muzey rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qəni-zadə 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yaradılmasının müsəlman Şərqində ilk demokratik respublika olmaqla yanaşı, ölkəmizin tarixində mühüm hadisə olduğunu qeyd edib: “Əsrlərboyu azadlıq arzusu ilə yaşayan xalqımız, nəhayət ki, öz müstəqil dövlətinə sahib oldu. Azərbaycan Milli Şurası Tiflis şəhərində İstiqlaliyyət Bəyannaməsini qəbul etdi və Azərbaycanın şimal torpaqlarında demokratik respublikanın yarandığını elan etdi.
Çətin beynəlxalq şəraitdə müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti mühüm addım kimi qardaş Türkiyə dövləti ilə müqavilə bağlamağı qərara almışdı. İstiqlal Bəyannaməsinin qəbulundan bir həftə sonra, iyunun 4-də Batumda Osmanlı Türkiyəsi ilə Azərbaycan Respublikası arasında dostluq müqaviləsinin imzalanması həm də Cümhuriyyət hökumətinin imzaladığı ilk dövlətlərarası müqavilə idi. İyunda bu əlamətdar hadisənin 105-ci ildönümü tamam olur”.
Əzizağa Qəni-zadə bildirib ki, 1920-ci il aprel işğalı ərəfəsində Azərbaycan Xalq Cümhuriyyəti geniş beynəlxalq əlaqələr sisteminə daxil olmuşdu. Lakin aprelin 28-də XI Qırmızı Ordunun işğalı ilə Xalq Cümhuriyyətinin süqut etməsi ölkəmizin beynəlxalq münasibətlər sistemində müstəqil dövlət kimi iştirakını dayandırdı. Beləliklə, cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti rus-bolşevik qoşunları tərəfindən işğal edildi.
Yetmiş bir il sonra SSRİ-nin süqutu ilə yaranan əlverişli tarixi şərait və milli-azadlıq mübarizəsi nəticəsində xalqımız XX yüzillikdə artıq ikinci dəfə öz dövlət müstəqilliyini elan etdi. Lakin gənc Azərbaycan dövləti öz suveren hüquqlarını reallaşdırmaq yolunda ciddi maneələrlə qarşılaşdı və bu, ilk növbədə, Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiaları və hərbi təcavüzü ilə bağlı idi.
“1993-cü ilin ikinci yarısından Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçiliyin möhkəmlənməsinə şərait yaratdı. Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət və ordu quruculuğu nəticəsində Azərbaycan regionun ən qüdrətli ölkələrindən birinə çevrildi, ordumuz dünyanın ən güclü 50 ordusu sırasına daxil oldu.
90-cı illərdə havadarlarının hərtərəfli köməyi ilə Ermənistan ordusu tərəfindən işğal edilmiş Qarabağın dağlıq hissəsi və ətrafdakı 7 rayon Silahlı Qüvvələrimizin gücü ilə işğalçılardan təmizləndi. 44 gün çəkmiş Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq Azərbaycanın şanlı hərb tarixinə qızıl hərflərlə yazıldı”, - deyə muzey rəisi vurğulayıb.
Daha sonra muzeyin tədqiqatçı, baş elmi işçisi tarix üzrə fəlsəfə doktoru Vahid İsmayılov və digər iştirakçılar mövzu ilə bağlı məruzə və çıxışları dinlənilib.
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və inkişafına həsr olunmuş qısametrajlı sənədli film nümayiş olunub.
Tədbirin bədii hissəsində hərbi-vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib.

Cəmiyyət 2023-05-26 18:09:00