×
A
A
A
Sazlamalar

Hərbi Tibb Fakültəsinin 23-cü ildönümü qeyd olunub

Bakı, 26 may, AZƏRTAC

Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin yaradılmasının 23-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə nazirliyin, Azərbaycan Tibb Universitetinin nümayəndələri, fakültənin müəllim-professor heyəti, kursantlar, eləcə də digər qonaqlar iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbir iştirakçılarına Hərbi Tibb Fakültəsinin tarixi və fəaliyyəti barədə ətraflı məlumat verilib.
Çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğu istiqamətində başladığı işlərin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd ediblər. Dövlətimizin başçısının diqqət və qayğısı sayəsində aparılan islahatlar nəticəsində bütün istiqamətlərdə olduğu kimi, hərbi tibb sahəsində əldə olunan uğurlardan danışıblar.
Qeyd olunub ki, Vətən müharibəsi və digər döyüş əməliyyatlarında hərbi tibb personalının nümayiş etdirdiyi peşəkarlıq Azərbaycan Respublikasının Prezidenti və Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.
Sonra kursantların ifasında mahnılar və şeirlər səsləndirilib, rəqs ansamblının iştirakı ilə milli rəqslər alqışlarla qarşılanıb.
Sonda fakültənin bir qrup əməkdaşı fəxri fərmanlarla mükafatlandırılıb.

Ordu 2023-05-26 17:22:00