×
A
A
A
Sazlamalar

Türkiyəli mütəxəssislər Dövlət Xidmətinin aidiyyəti sahələr üzrə çalışan əməkdaşları üçün seminar keçirib

Bakı, 26 may, AZƏRTAC

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində (AİBNDX) Türkiyə Rəqabət Qurumunun mütəxəssisləri ilə görüş keçirilib.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı qurumun rəisi Məmməd Abbasbəyli Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin fəaliyyət istiqamətləri, xüsusilə rəqabətin təmin edilməsi sahəsində görülən işlər barədə məlumat verib. Bundan əlavə, iki ölkənin müvafiq qurumları arasında əməkdaşlıq əlaqələrinin inkişafı müzakirə olunub.
Səfər çərçivəsində Türkiyə Rəqabət Qurumunun mütəxəssisləri Dövlət Xidmətinin aidiyyəti sahələr üzrə çalışan əməkdaşları üçün seminar keçirib. Dörd gün davam edən seminarda iştirakçılar müəssisələrarası müqavilələr, hökmran mövqedən sui-istifadə, qanun pozuntularının növləri, sübut olunma meyarları və digər mövzularda məlumatlandırılıb.
Qeyd edək ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfəri çərçivəsində fevralın 25-də Bakı şəhərində "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Türkiyə Rəqabət Qurumu arasında rəqabət siyasəti sahəsində əməkdaşlıq Protokolu" imzalanıb. Memorandumda araşdırmalar sahəsində rəqabət qaydalarının pozulması, rəqabət orqanları və milli tənzimləyici orqanlar arasındakı münasibətlər və digər məsələlərə dair təcrübə mübadiləsi öz əksini tapıb.

İqtisadiyyat 2023-05-26 17:35:00