×
A
A
A
Sazlamalar

Respublika Gənclər Kitabxanasında Müstəqillik Günü qeyd olunub

Bakı, 26 may, AZƏRTAC

Respublika Gənclər Kitabxanasında Müstəqillik Günü ilə əlaqədar silsilə tədbirlər həyata keçirilib. Bu münasibətlə kitabxanada Müstəqillik Gününə həsr edilmiş tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, kitabxananın direktoru Aslan Cəfərov xalqımızın istiqlal arzusunun nümunəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, 23 aylıq fəaliyyəti dövrü haqqında geniş məlumat verib. Bunun Azərbaycan tarixində respublika quruculuğu baxımından açılmış yeni mərhələ olduğunu vurğulayaraq, Xalq Cümhuriyyətinin ömrünün qısa olmasına baxmayaraq, 23 ay ərzində çox böyük işlər görüldüyünü, parlamentdə dövlət quruculuğu ilə bağlı ciddi qərarlar qəbul olunduğunu, ordu qurulucuğuna başlanıldığını, dövlət atributlarımızın qəbul olunduğunu söyləyib: “70 il sonra 1990-cı ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə üç rəngli bayrağımız ilk dəfə Naxçıvan Muxtar Respublikasının bayrağı kimi qəbul edilərək, həmin əlamətdar hadisədən bir il sonra isə milli bayrağımız Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi təsdiq olundu. Prezident İlham Əliyev tərəfindən “Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən mayın 28-i “Müstəqillik Günü” kimi təsis edildi”.
Tədbir iştirakçıları öz çıxışlarında Azərbaycan Xalq Cümhuriyyəti dövründə həyata keçirilən tədbirlərin müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini, bu dövrdə bir çox ilklərə imza atıldığını, Milli Bankın, Bakı Dövlət Universitetinin, gömrük və poçt-teleqraf xidmətinin təsis edildiyini, məhkəmə qanunvericiliyi haqqında bir sıra qanunların qəbul edildiyini vurğulayıblar.
Sonra kitabxana əməkdaşları tərəfindən hazırlanan Müstəqillik Gününə həsr edilən videomaterial və virtual kitab sərgisi nümayiş olunub. Hazırlanan materiallarda Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, qurucuları haqqında geniş məlumat verilib. Burada ilk müsəlman Şərqində demokratik respublikanın fəaliyyətini əks etdirən yazılı məlumatlar, maraqlı faktlar, sənədlər, foto şəkillər öz əksini tapıb və Cümhuriyyət dövrünün Azərbaycanda təhsil, mədəniyyət sahələrinə verdiyi töhfələr ətraflı qeyd edilib.
Hazırlanan videoçarxda Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti, əhəmiyyəti, tarixdə tutduğu mövqeyi və ümumilikdə Azərbaycanın müstəqilliyinə dair söylədikləri fikirlər videogörüntülərlə yer alıb. Qeyd edilib ki, 1918-ci il sentyabrın 15-də Nuru paşanın rəhbərliyi altında Qafqaz İslam Ordusu, həmçinin Azərbaycan Ordusu tərəfindən Bakının bolşevik-daşnak işğalından azad edilməsi tariximizin ən şərəfli səhifələrindən biri idisə, XXI əsrdə Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi ilə qazandığı Qarabağ Zəfəri türk tarixinə daha bir şanlı səhifə kimi yazıldı.
Virtual kitab sərgisində Xalq Cümhuriyyətindən bəhs edən “Cümhuriyyətin təhlükəsizlik orqanları”, “İstiqlal fədailəri – Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər nazirləri və silahdaşları”, “Milli dövlətçilik hərəkatının yüksəlişi və Xalq Cümhuriyyəti dövründə Azərbaycançılıq ideyası”, “Cümhuriyyət xilaskarları”, Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabit və hərbi məmurları” kimi 20-dən çox kitabın, dövri mətbuat nümunələrinin biblioqrafik təsviri təqdim edilib.
Kitabxananın əməkdaşları tərəfindən hazırlanan məlumat bülletenində Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanunu, İstiqlal Bəyannaməsi, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti, dövlət sərhədləri, rəmzləri və atributları haqqında məlumat verilib və son 10 ildə Cümhuriyyətə dair çap olunmuş Azərbaycan, rus, ingilis dilində kitabların biblioqrafik təsviri nümayiş olunub.
Qeyd edək ki, Respublika Gənclər Kitabxanasında “28 may – Müstəqillik Günü” adlı ənənəvi kitab sərgisi də açılıb. Sərgidə Azərbaycan Xalq Cümhuriyyətindən bəhs edən kitablar, dövrü mətbuat materialları sərgilənməkdədir.

Mədəniyyət 2023-05-26 16:05:00