×
A
A
A
Sazlamalar

74-cü Beynəlxalq Astronavtika Konqresinə dair məlumatlandırma tədbiri və “Azersky” peyk təsvirlərinə həsr olunmuş sərgi keçirilib YENİLƏNİB VİDEO

Bakı, 26 may, AZƏRTAC

Xarici İşlər Nazirliyində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Kosmos Agentliyinin (“Azərkosmos”) birgə təşkilatçılığı ilə 74-cü Beynəlxalq Astronavtika Konqresinə dair məlumatlandırma tədbiri və "Azersky" peyk təsvirlərinə həsr olunmuş sərgi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə xarici işlər nazirinin müavini Elnur Məmmədov, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov, Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, o cümlədən media nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən nazir müavini Elnur Məmmədov, məlumatlandırma tədbirinin 28 May – Müstəqillik Gününə təsadüf etdiyini söyləyərək, bu təbriklərini çatdırıb. Nazir müavini, Azərbaycanın kosmik icmanın nisbətən yeni üzvü olmasına baxmayaraq, bu sahədə əldə olunmuş nailiyyətlər və həyata keçirilmiş uğurlu peyk layihələrinin nəticəsi olaraq 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazandığını qeyd edib. İlk dəfə 1973-cü ildə, Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresindən 50 il sonra Azərbaycanın yenidən bu mötəbər tədbirə ev sahibliyi etməsinin simvolik əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.
Daha sonra çıxış edən nazir müavini Fərid Əhmədov, beynəlxalq kosmik icmanın ekspertləri və liderlərini bir araya gətirəcək 74-cü Beynəlxalq Astronavtika Konqresinin əsas diqqət mərkəzinin gənclər olduğunu vurğulayıb. Nazir müavini Fərid Əhmədov, Konqresin işinə, habelə kosmik sənaye və elmə daha çox sayda gənc mütəxəssis və tələbənin cəlb edilməsinin mühüm əhəmiyyət daşıdığını bildirib.
Tədbirdə 74-cü Beynəlxalq Astronavtika Konqresi ilə bağlı təqdimatla çıxış edən “Azərkosmos”un sədr müavini Dunay Bədirxanov, Konqresin 2-6 oktyabr tarixlərini əhatə edən proqramı barədə tədbir iştirakçılarını ətraflı məlumatlandırıb. Ümumilikdə, beynəlxalq kosmik icmanın ekspertləri və liderləri daxil olmaqla, 6000 qonağı əhatə edəcək 74-cü Beynəlxalq Astronavtika Konqresinin regional və beynəlxalq səviyyədə əməkdaşlıq qurmaq üçün imkanlar yaradacağı diqqətə çatdırılıb.
Daha sonra tədbir iştirakçıları "Azersky" peyk təsvirlərinə həsr olunmuş sərgi ilə tanış olublar.

14:54

“Azərkosmos” Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə ölkəmizdə fəaliyyət göstərən səfirlik və diplomatik nümayəndəliklərlə Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinə dair görüş keçirir.
AZƏRTAC xəbər verir ki, 28 May – Müstəqillik Günü ərəfəsinə təsadüf edən bu görüşün məqsədi Beynəlxalq Astronavtika Konqresinin regionumuz üçün əhəmiyyətini, o cümlədən kosmik sahədə iştirak edən ölkələrin təcrübə mübadiləsi imkanlarını səfirlik və diplomatik nümayəndələr vasitəsilə dünya ölkələrinə çatdırmaqdır.
Tədbirdə Bakı Konqresinin dünya ölkələrinin kosmosa dair əlaqələr qurmaq baxımından geniş platforma olacağı vurğulanıb.
Xatırladaq ki, Bakı Konqresinə kosmos sahəsində fəaliyyət göstərən elm adamları və tədqiqatçılar tərəfindən kosmosa və bəşəriyyətin xeyrinə müsbət təsir göstərə biləcək 3532 elmi məqalə qeydiyyatdan keçib. Bu göstərici ilə Bakı Konqresi Paris (2022-ci il), Vaşinqton (2019-cu il) və Bremen (2018-ci il) konqresləri ilə birgə indiyə kimi keçirilən bütün konqresləri geridə qoyub. Həmçinin Azərbaycandan təqdim edilən elmi məqalələrin sayı da 214 elmi məqalə ilə rekord həcmdə olub.

İqtisadiyyat 2023-05-26 19:00:00

Video