×
A
A
A
Sazlamalar

Milli Arxiv İdarəsində növbəti seminar

Bakı, 26 may, AZƏRTAC
Milli Arxiv İdarəsində növbəti seminar keçirilib.
İdarədən AZƏRTAC-a bildirilib ki, Milli Arxiv İdarəsinin 2023-cü ilin iş planına uyğun olaraq keçirilən seminar “Arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların və arxiv sənədlərindən surətlərin verilməsi qaydaları”na həsr olunub.
Seminarda İdarənin rəis müavini Həsən Həsənov, Arxiv işinin təşkili, monitorinq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə Abasova, Arxiv sənədlərinin nəşri, istifadəsi və informasiya təminatı şöbəsinin müdiri Natiq Eminov, müvafiq şöbənin əməkdaşları, respublika dövlət arxivlərinin, dövlət arxivinin filiallarının, rayon dövlət arxivlərinin rəhbərləri, məsul vəzifəli şəxsləri iştirak ediblər.
Seminarı açıq elan edən Həsən Həsənov əməkdaşları Müstəqillik Günü münasibətilə təbrik edib. O, arxiv sənədləri əsasında hüquqi və fiziki şəxslərin sosial-hüquqi və digər qanuni mənafelərinin təmin edilməsi üçün dövlət arxivləri tərəfindən onların hüquqmüəyyənedici sənədlərlə təmin edilməsinin arxiv işinin mühüm bir hissəsi olduğunu qeyd edib. Cəmilə Abasova keçirilən növbəti seminarın mövzusunun aktual olduğunu, 90-a yaxın dinləyicinin həm ənənəvi, həm onlayn qaydada seminara qoşulduğunu bildirib.
Məruzə ilə çıxış edən Natiq Eminov Dövlət Arxivləri üzrə arxiv sənədləri əsasında hüquqi və fiziki şəxslərin, o cümlədən dövlət orqanlarının hüquqmüəyyənedici arxiv sənədləri ilə təmin edilməsi zamanı qanunvericiliyin tələbləri, mövcud problemlər və onların həlli istiqamətində normativ aktların icra mexanizmləri haqqında məlumat verib. Arxiv sənədlərinin nəşri, istifadəsi və informasiya təminatı şöbəsinin baş məsləhətçisi Leyla Quliyeva, şöbənin böyük mütəxəssisi Kəmalə Məmmədova məruzə ətrafında çıxış edərək arxiv arayışlarının icrası zamanı qarşıya çıxan məsələlər barədə iştirakçıları məlumatlandırıblar. Sonra çıxış edən Dövlət Arxivinin şöbə müdiri Kiçikxanım Əlizadə, Dövlət Tarix Arxivinin şöbə müdiri Rövşən Həsənli təmsil etdikləri arxiv üzrə sənədlərin qeyd edilən istiqamətdə istifadəsinin vəziyyəti haqqında məlumat veriblər.
Sonra seminar sual – cavab formatında davam edib.

Mədəniyyət 2023-05-26 14:48:00