Dövlət Xidmətinin rəisi Çıraqqalada aparılan bərpa-konservasiya işləri ilə tanış olub
Bakı, 26 may, AZƏRTAC
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva dünya əhəmiyyətli tarixi abidə olan Çıraqqalada aparılan bərpa-konservasiya işləri ilə tanış olub.
Bu barədə AZƏRTAC-a Dövlət Xidmətindən bildirilib.
Məlumat verilib ki, Şabran rayonu ərazisində yerləşən V-VI əsrlərə aid Çıraqqala abidəsi mərkəzi qala da daxil olmaqla 17 bürcdən ibarətdir. Qalanın 5 bürcündə bərpa-konservasiya işləri başa çatdırılıb, digər bürclərdə də aparılan işlərin tamamlanması ilə bağlı tədbirlər görülür.
Eyni zamanda bürclərarası qala divarları bərpa-konservasiya olunub, ərazidə arxeoloji tədqiqatlar aparıldıqdan sonra aşkar olunmuş tikililərdə əlavə konservasiya işləri həyata keçirilib.
Həyata keçirilən işlərinin cari ildə tamamlanması planlaşdırılır.
Qeyd edək ki, Gilgilçay müdafiə səddi Xəzər dənizindən başlayaraq Böyük Qafqaz sıra dağlarının dərinliklərinə qədər, 120-130 km uzunluğunda böyük bir ərazini əhatə edir. Səddin baş tikilisi Şabran rayonu ərazisində yerləşən “Çıraqqala” abidəsi V-VI əsrlərdə inşa edilib. Tarixi abidə möhtəşəm görünüşü və tikinti xüsusiyyətləri ilə inşa edildiyi ərazidə dominant rol oynayaraq, yerləşdiyi məkanın simvoluna çevrilib.
Ölkəmizin ən qədim tarixi abidələrindən olan Çıraqqalada möhkəmləndirmə və bərpa-konservasiya işləri Prezidentin müvafiq Sərəncamına əsasən aparılır.
Bu il Şuşada kulinariya günləri keçiriləcək
Azərbaycanda küçə yeməkləri ilə bağlı konsepsiya hazırlanır
Qərbi Azərbaycanın maddi və mədəni irsi AKİ-nin fokusunda
Səmərqənd mərkəzi kitabxanasına Azərbaycana dair zəngin kitab kolleksiyası hədiyyə edilib