×
A
A
A
Sazlamalar

Yaxın gələcəkdə Şuşa nəinki Azərbaycanın, eləcə də dünyanın turizm mərkəzlərindən birinə çevriləcək

Bakı, 26 may, R.Kətənov, AZƏRTAC

Azərbaycanın mədəniyyət paytaxtı, qədim və dilbər guşəsi olan Şuşa şəhəri tariximizin və mədəniyyətimizin inkişafında böyük rol oynayaraq görkəmli şəxsiyyətlər yetişdirən bir diyardır.
Başı bəlalar çəksə də, Şuşa Azərbaycanın tarixindən və azərbaycanlıların yaddaşından heç bir zaman silinməyib.
AZƏRTAC Şuşaya ezam olunan əməkdaşının səfər təəssüratlarını təqdim edir.
XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilmişdi. Həmin dövrdə Şuşanı “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Zaqafqaziyanın konservatoriyası” adlandırırdılar. O dövrdə Azərbaycanda bəstəkar Üzeyir Hacıbəylinin böyük əməyi sayəsində peşəkar musiqi təhsilinin bünövrəsi qoyuldu.
Tarixə baxsaq, Şuşa şəhərinin 3 dəfə - 1905-ci, 1920-ci və 1992-ci illərdə tamamilə dağıdıldığını görərik. Strateji mövqeyi, təbiəti, tarixi və gözəlliyi ilə Şuşa həmişə yadellilərin dişlərini qamaşdırıb.
Bədnam qonşularımız ermənilər hər zaman bu şəhəri işğal etməyə çalışıb. SSRİ dağıldıqdan sonra Azərbaycanda hakimiyyətə yiyələnən AXC-Müsavat cütlüyünün səbatsızlığı, xalqın və dövlətin maraqları deyil, kreslo və vəzifə uğrunda aparılan mübarizə nəticəsində Şuşa şəhəri 1992-ci il mayın 8-də erməni birləşmələri tərəfindən işğal edildi. İşğal nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirildi, 165 nəfər yaralandı, onlardan 150 nəfəri əlil oldu, 552 körpə valideynlərini itirdi, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşdü. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.
Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər Ağa məscidini, Aşağı Gövhər Ağa məscidini, Xurşidbanu Natəvanın evini və Molla Pənah Vaqifin məqbərəsini viran qoydular. Lakin Azərbaycan xalqı bu işğalla barışmadı və 2020-ci ilin 8 noyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz Şuşa şəhərini erməni işğalından azad etdi.
Bu gün Şuşa şəhəri azadlığına qovuşmaqla yanaşı, tarixinin yeni quruculuq və inkişaf mərhələsini yaşayır. Şəhər bərpa olunur, tikilir və gələcəyə doğru inamla baxır. Bütün bunlar barədə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Enerji təminatı məsələləri İşçi Qrupunun ötən gün Şuşada keçirilən iclasında geniş müzakirə aparıldı. Diqqətə çatdırıldı ki, Prezident İlham Əliyev Şuşaya xüsusi diqqət və qayğı ilə yanaşır, buradakı bərpa işlərinin yüksək keyfiyyətlə aparılması barədə tapşırıq verib.
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planına uyğun olaraq, Şuşadakı evlərin əksəriyyəti günəş panelindən istifadə edir.
Şəhərdə digər quruculuq işləri ilə yanaşı, 23 binanın tikintisinə də başlanılıb və cari ilin sonuna kimi 1500 nəfərin şəhərə köçürülməsi nəzərdə tutulub. Enerji təminatı üçün 5 yarımstansiya, həmçinin Daşaltı çayı üzərində su anbarı və nasos stansiyası tikilib istifadəyə verilib. Şuşanın kanalizasiya sisteminin tikintisi isə davam edir. Məktəb, xəstəxana və poçt binaları da sürətlə inşa olunur. Bu tikintilər xüsusi arxitektura ilə inşa edilir. Poçtun inzibati binasında DOST və “ASAN xidmət” mərkəzləri də fəaliyyət göstərəcək.
Şuşanın iqlim şəraiti nəzərə alınaraq, burada 7 qazanxana istifadəyə verilib. Hazırda inzibati və yaşayış binaları istilik enerjisi və isti su ilə təchiz olunur. Bu günədək 35 kilovat-saat gücündə beş elektrik stansiyası inşa olunub. İşğaldan azad edilən ərazilərdə yüksək voltlu sistemin qurulması demək olar ki, başa çatıb. Şəhərin qazlaşdırılması da gündəlikdə olan ən başlıca məsələlərdən biridir. Qarabağa uzanacaq 5 magistral qaz kəmərindən biri Şuşaya çəkiləcək.
Bir sözlə, Şuşada qədim məhəllələr, ticarət və iaşə obyektləri, muzeylər, mədəniyyət evləri, otellər, küçə və prospektlər təmir olunur, qədimliyi qorunmaqla müasirləşir. Şəhərdə erməni vəhşiliyinin izləri də qalmaqdadır. Dağıdılmış evlər, viran qalmış küçələr... Lakin bu izlər tamamilə silinəcək və yaxın gələcəkdə Şuşa nəinki Azərbaycanın, eləcə də dünyanın turizm mərkəzlərindən birinə çevriləcək.

 

Regionlar 2023-05-26 14:51:00