×
A
A
A
Sazlamalar

FTB 1983-cü ildə ABŞ-da II Elizabetə hücum cəhdi ilə bağlı məlumatları dərc edib

Bakı, 26 may, AZƏRTAC

Federal Təhqiqatlar Bürosu (FTB) 1983-cü ildə ABŞ-a səfəri zamanı II Elizabetə hücum cəhdi barədə məlumatları dərc edib.
AZƏRTAC BBC yayım korporasiyasına istinadla xəbər verir ki, o zaman “İrlandiya Respublika Ordusu” (İRO) qruplaşmasının tərəfdarı monarxın həyatına sui-qəsd etməyi planlaşdırmışdı. O, San-Fransisko şəhərindəki “Golden Gate” körpüsünün altından keçən kral yaxtasına və ya “Yosemite” parkını ziyarəti zaman kraliçaya hücum edəcəkmiş. Terrorçu bu yolla Şimali İrlandiyada rezin güllə ilə öldürülən qızının intiqamını almağa çalışırmış.
Bundan xəbər tutan ABŞ-ın təhlükəsizlik orqanları kraliçanın səfəri zamanı körpü üzərindəki piyada keçidini bağlayıb. II Elizabetin parkı ziyarəti zamanı təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirlər və səfər zamanı həbslər barədə isə məlumat verilmir.
Qeyd edək ki, Böyük Britaniya kraliçasının yaxın qohumu hersoq Luis Maunbetten 1979-cu ildə İrlandiya sahillərində İRO tərəfindən qətlə yetirilmişdi.
1919-cu ildə qurulan “İrlandiya Respublika Ordusu” təşkilatı “Sinn Fein” katolik partiyasının hərbi qanadıdır. İrlandiyanın müstəqilliyi uğrunda mübarizə aparan İRO-nun fəaliyyəti nəticəsində indiyə qədər 1,8-3 min insanın həlak olduğu bildirilir.

Dünya 2023-05-26 14:14:00