×
A
A
A
Sazlamalar

Azərbaycan beynəlxalq iqtisadi forumda təmsil olunub

Bakı, 26 may, AZƏRTAC

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Kazanda keçirilən “Rusiya - İslam dünyası: Kazan Forumu” adlı 14-cü beynəlxalq iqtisadi forumda ölkəmizi təmsil edib.
AZƏRTAC xəbər verir ki, Şahin Mustafayev forum çərçivəsində “İqtisadi etibarlılıq. Rusiya və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri arasında əməkdaşlıq” sərlövhəsi altında keçirilən plenar iclasda çıxış edib. Baş nazirin müavini İslam dünyası ilə əlaqələrin Azərbaycanın xarici siyasətində xüsusi yer tutduğunu, ölkəmizin müstəqilliyin bərpasından sonra İƏT-ə üzv olan ilk postsovet ölkəsi olduğunu vurğulayıb. Bildirib ki, ötən 30 ildən artıq dövrdə təşkilata üzv dövlətlərlə iqtisadi-siyasi əlaqələr artan istiqamətdə davam edib. Belə ki, ötən il Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı ölkələri ilə ticarət dövriyyəsi 42 faiz artaraq 9,3 milyard ABŞ dollarına çatıb. Təşkilata üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsindəki payı 18 faiz təşkil edir. İqtisadi əlaqələrdə müsbət dinamika bu ilin geridə qalan dövründə də davam edib.
Şahin Mustafayev çıxışında ölkəmizin beynəlxalq nəqliyyat marşrutları üçün əhəmiyyətli və həlledici rolundan da danışıb. Zəngəzur dəhlizinin işə düşməsi ilə “Şimal-Cənub”, “Şərq Qərb” nəqliyyat istiqamətlərinin, region ölkələri üçün böyük imkanlar yaradacağı vurğulanıb. Azərbaycanın inkişaf etmiş nəqliyyat, tranzit infrastrukturu ilə nəhəng layihələrin icrasına hazır olduğu bildirilib və bu xüsusda Bakı Beynəlxalq Dəniz Limanının əhəmiyyəti xüsusi vurğulanıb.
Baş nazirin müavini İƏT üzvlərinin Qarabağ münaqişəsi zamanı ədalətli mövqe sərgiləməsinin ölkəmizdə yüksək qiymətləndirildiyini bildirib. Qeyd edib ki, münaqişə artıq tarixdə qalıb. Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasının, regionda sülhün, sabitliyin və iqtisadi çiçəklənmənin əsas təşəbbüskarı olaraq qalmaqdadır.
Kazan səfəri çərçivəsində Rusiya-Azərbaycan münasibətlərinə həsr edilmiş dəyirmi masa da təşkil edilib. Müzakirələr zamanı Rusiya və Azərbaycan arasında iqtisadi-siyasi əlaqələrin çoxşaxəli, zəngin tarixi keçmişə malik olduğu vurğulanıb. Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin siyasi iradəsi və birgə səyləri ilə ikitərəfli əlaqələrin strateji səviyyəyə çatdığı və demək olar ki, bütün mümkün sahələri əhatə etdiyi qeyd olunub. Qarşılıqlı maraqlara xidmət edən ikitərəfli münasibətlərin imzalanmış 250-dən artıq sənədin, o cümlədən müttəfiqlik bəyannaməsinin yaratdığı möhkəm hüquqi bazaya əsaslandığı diqqətə çatdırılıb.
Şahin Mustafayev ötən il ticarət dövriyyəsinin 24 faiz artaraq 3,7 milyard ABŞ dollarına çatdığını qeyd edib. Bildirib ki, 2023-cü ilin ilk kvartalında ticarət əlaqələrinin artması bu il ikitərəfli iqtisadi əlaqələrdə yeni, daha yüksək göstəricilərin əldə ediləcəyinə əsaslı inam yaradır.
İki ölkənin hökumətləri arasında da aktiv işin aparıldığını diqqətə çatdıran Baş nazirin müavini bu xüsusda “2024-cü ilə qədər ikitərəfli əməkdaşlığın əsas istiqamətlərinin inkişaf etdirilməsi ilə bağlı hərəkət planı”nın böyük əhəmiyyətə malik olduğunu qeyd edib. Bundan başqa, qarşıya qoyulan əsas vəzifələrdən birinin iki ölkənin regionları arasında əlaqələrin inkişafı olduğu bildirilib. Bu istiqamətdə 2022-ci ildə Bakıda Azərbaycan-Rusiya regionlararası forumunun keçirilməsi, mütəmadi əsasda təşkil edilən biznes forumların, eləcə də Azərbaycanın və Rusiyanın vilayətləri arasında biznes-missiyaların icrasının xüsusi əhəmiyyətə malik olduğu vurğulanıb.
Baş nazirin müavini Rusiya və Azərbaycan prezidentlərinin regionlararası əlaqələrin inkişafına dair tapşırıqlarının aktiv şəkildə icra edildiyini diqqətə çatdırıb. Bu istiqamətdə ötən ilin sonunda və cari ilin əvvəlində Dağıstan, Tatarıstan və Həştərxan vilayəti ilə yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirildiyi vurğulanıb.
Şahin Mustafayev fürsətdən istifadə edərək, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş tədbirlərin yüksək səviyyədə təşkilinə görə Həştərxan vilayəti hökumətinə təşəkkürünü bildirib.
“Rusiya - İslam dünyası: Kazan Forumu” çərçivəsində Tatarıstanın paytaxtında “Russia Halal Expo” sərgisi keçirilib. Azərbaycan sərgidə vahid ölkə stendi ilə təmsil olunub. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə dəstəyi ilə Azərbaycan məhsulları - müxtəlif ət və ət məhsulları, narşərab, kompot, mürəbbə, çay və digər məhsul və xidmətlər təqdim edilib. Azərbaycan stendində, eyni zamanda, işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, investisiya imkanları nümayiş olunub.
Ölkəmizi “Rusiya - İslam dünyası: Kazan Forumu” adlı 14-cü beynəlxalq iqtisadi forumda təmsil edən nümayəndə heyəti Azərbaycan stendi ilə tanış olub.
Kazan şəhərinə səfər çərçivəsində Baş nazirin müavini Şahin Mustafayev Rusiya Prezidentinin köməkçisi İqor Levitin, Rusiya Hökuməti sədrinin birinci müavini Andrey Belousov, eləcə də hökumət sədrinin müavini Aleksey Overçuk ilə görüşüb.
Görüşlərdə Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin perspektivləri, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi yolları müzakirə edilib.
Ölkəmizi təmsil edən nümayəndə heyətinin Rusiya Hökuməti sədrinin müavini Marat Xusnullin və Tatarıstan Respublikasının rəhbəri Rüstəm Minnixanov ilə görüşündə isə əsasən, Azərbaycanın və Rusiyanın regional subyektləri arasında əlaqələrin inkişaf potensialı müzakirə edilib. Bu xüsusda ölkəmizin Tatarıstanla çoxşaxəli iqtisadi, təhsil, turizm münasibətlərinin yaxşı nümunə ola biləcəyi vurğulanıb.

İqtisadiyyat 2023-05-26 13:21:00