×
A
A
A
Sazlamalar

Özbəkistanda Azərbaycanın Müstəqillik Günü ilə bağlı tədbir keçirilib

Bakı, 26 may, AZƏRTAC

Azərbaycanın Özbəkistandakı səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Müstəqillik Günü münasibətilə “Wyndham Tashkent” otelində rəsmi qəbul, bayram tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Özbəkistan Respublikası Baş nazirinin müavini Cəmşid Xocayev, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, dövlət və hökumət nümayəndələri, çoxsaylı səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, soydaşlarımız, jurnalistlər iştirak ediblər.
Tədbirdə əvvəlcə “Azad və çiçəklənən Azərbaycan” adlı fotosərgi təqdim olunub. Sərgidə müstəqil Azərbaycanın nailiyyətləri, Ulu Öndər Heydər Əliyev və ölkəmizin turizm imkanlarına dair fotoşəkillər yer alıb.
Hər iki ölkənin Dövlət himnləri səsləndirildikdən sonra Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, onun qısa müddətdə gördüyü işlərdən danışıb. O bildirib ki, çətin ictimai-siyasi şəraitdə Azərbaycan Xalq Cümhuriyyəti Avropa və Amerikanın 20-dən çox dövləti ilə diplomatik münasibətlər qurub, qısa zamanda xalqımızın tarixində silinməz iz buraxıb. Səfir Cümhuriyyət dövründə Azərbaycanın bayrağı, himninin qəbul edildiyini, ilk parlament və hökumət, dövlət aparatının təşkil edildiyini və Azərbaycan dilinin dövlət dili elan olunduğunu qeyd edib.
Hüseyn Quliyev 1991-ci ildə ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra özünü 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etdiyini söyləyib. O, müstəqil Azərbaycanın qazandığı uğurlardan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən layihələrdən danışıb. Diplomat Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müstəsna xidmətləri nəticəsində ölkəmizin öz müstəqilliyini qoruyub saxladığını və inkişaf etdiyini bildirib.
Səfir Hüseyn Quliyev Heydər Əliyev siyasi kursunu davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin apardığı islahatların uğurlu nəticə verdiyini və 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərlə Azərbaycanın 30 ilə yaxın işğal altında olan torpaqlarının şanlı Ordumuz tərəfindən azad olunduğunu diqqətə çatdırıb. O, Azərbaycan ilə Özbəkistan arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu fəxrlə qeyd edərək, dövlətimizin ərazi bütövlüyü ilə bağlı göstərdiyi dəstəyə görə Özbəkistan rəhbərliyinə təşəkkürünü bildirib.
Sonra çıxış edən Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Özbəkistanı Azərbaycan üçün dost-qardaş ölkə kimi xarakterizə edərək, regionda və beynəlxalq arenada daim dövlətlərimizin bir-birini yaxından dəstəklədiyini vurğulayıb. O, ölkə başçılarının səyləri nəticəsində dövlətlərimiz arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini bildirib.
Fuad Muradov Özbəkistanda qırx mindən çox soydaşımızın yaşadığını qeyd edərək, onların qardaş ölkədə çox rahat şəkildə yaşayıb ölkənin ictimai həyatında yaxından iştirak etdiyini vurğulayıb.
Tədbir konsert proqramı ilə davam edib.
Konsertdə Azərbaycan Mədəniyyət Mərkəzinin rəqs ansamblı “Azərbaycan süitasını” ifa edib, Özbəkistanın Xalq artisti tanınmış müğənni Fərrux Zakirov Azərbaycan və özbək dillərində mahnılar səsləndirib.
Sonra qonaqlara ziyafət verilib, Azərbaycan milli mətbəxinin təamları təqdim olunub.

Mədəniyyət 2023-05-26 12:19:00