×
A
A
A
Sazlamalar

Azərbaycanda “Erkən xəbərdarlıq sistemi”nin yaradılması Ümumdünya meteorologiya konqresi çərçivəsində müzakirə olunub

Bakı, 26 may, AZƏRTAC

Cenevrədə Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) ali orqanı olan Ümumdünya meteorologiya konqresi (Cg-19) keçirilir. İyunun 2-dək davam edəcək konqresdə ÜMT-nin 2024-2027-ci illər üçün Strateji Planı təsdiq ediləcək və ÜMT rəhbərliyi seçiləcək.
Konqresdə ÜMT-nin VI Regional Assosiasiyasının (RA) növbədənkənar sessiyası keçirilib və Ruminiyanın Meteorologiya qurumunun ÜMT-də daimi təmsilçisi olan xanım Yelena Mateesku onun prezidenti seçilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, konqresdə Azərbaycanı təmsil edən Milli Hidrometeorologiya Xidmətinin rəisi vəzifəsini icra edən Rafiq Verdiyev Y.Mateesku ilə Assosiasiyanın planlarına, o cümlədən VI Regional Assosiasiyanın işində Azərbaycanın fəal iştirakı, iqlim dəyişmələri nəticəsində ölkədə baş verən təhlükəli hidrometeoroloji hadisələrin daha da intensivləşməsi nəticəsində yaranan problemlər və onunla bağlı lazımi qabaqlayıcı tədbirlərin görülməsi, “Erkən xəbərdarlıq sistemi”nin yaradılmasına dair fikir mübadiləsi aparıb.
Ümumdünya Meteorologiya Təşkilatının baş katibi professor Petteri Taalasla görüş zamanı isə Azərbaycanda hidrometeorologiya sahəsində fəaliyyətin ÜMT standartlarına uyğun həyata keçirilməsi üzrə əməkdaşlıq məsələləri müzakirə edilib. P.Taalas bildirib ki, o, Nyu-Yorkda keçirilən Su Konfransı zamanı su ehtiyatları və iqlim dəyişmələri üzrə müxtəlif regional tədbirlərin həyata keçirilməsi sahəsində Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə müvafiq danışıqlar aparıb və bu kimi fəaliyyətləri tamamilə dəstəkləyir.
Daha sonra Rafiq Verdiyev Türkiyə, Qazaxıstan, Gürcüstan və digər ölkələrin nümayəndələri ilə iqlim dəyişmələri, transsərhəd sular və təhlükəli hidrometeoroloji hadisələr (dolu, sel, daşqın və s.) sahələrdə birgə fəaliyyətə dair müzakirələr aparıb.
Eyni zamanda, hidrometeoroloji cihazlar üzrə məşhur olan Almaniyanın SEBA, Avstriyanın SOMMER və ABŞ-ın BARON və digər şirkətləri ilə görüşlər keçirilərək gələcək əməkdaşlıq istiqamətlərindən danışılıb.

Ekologiya 2023-05-26 12:14:00