×
A
A
A
Sazlamalar

Azərbaycan bankları Qazaxıstanın bank sektoru ilə təcrübə mübadiləsi aparır

Bakı, 26 may, AZƏRTAC
Azərbaycan Bank Tədris Mərkəzinin (ABTC) təşkilatçılığı, Azərbaycan Banklar (ABA) və Qazaxıstan Banklar Assosiasiyasının dəstəyi ilə ölkəmizin banklarının kredit, risk və rəqəmsallaşma üzrə rəhbər şəxsləri təcrübə mübadiləsi və təlim məqsədilə Almatı şəhərində səfərdə olublar.
ABA-dan AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində “Halyk Bank”, “Bank Center Credit”, “Jusan Bank”, “Freedom Finance”, “VTB Bank” (Qazaxıstan), “Home Credit Bank”, “Eurasian Bank”, “Bereke Bank”, “Otbası Bank” və biznesin inkişafına dəstək fondu olan “DAMU” Fondu ilə keçirilən görüşlərdə “Agile” idarəetməyə keçid prosesi, pərakəndə bankçılıq və pərakəndə kreditləşmə, biznes kreditlərində satış üsulları, kredit risklərinin idarə edilməsi, kənd təsərrüfatı kreditləri üzrə yeni məhsullar, təhlil prosesi və kreditin verilməsi mexanizmi, onlayn bankçılıqda biznes kreditləri və digər məsələlərlə bağlı Qazaxıstanın bank sektorunun təcrübəsi haqqında məlumat verilib.
Bununla yanaşı, Qazaxıstan Banklar Assosiasiyası tərəfindən “Qazaxıstan bank sistemi haqqında ümumi məlumat, kredit portfelinin bölgüsü, bazarın rəqəmsallaşma səviyyəsi” mövzusunda seminar keçirilib. Görüşlərdə Azərbaycan bank sektorunu 41 nəfərlik nümayəndə heyəti təmsil edib.
Qeyd edək ki, Azərbaycan Bank Tədris Mərkəzi (ABTC) 2000-ci ildə Avropa İttifaqı tərəfindən yaradılıb, Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsidir. İndiyədək ABTC tərəfindən 240-a yaxın təlim mövzusu üzrə, 36 mindən çox dinləyiciyə 2500-ə yaxın təlim kursu təşkil edilib.

Maliyyə 2023-05-26 11:45:00