×
A
A
A
Sazlamalar

Azərbaycan ilə BƏƏ arasında qarşılıqlı turizm səfərlərinin sayının artırılması müzakirə edilib

Bakı, 26 may, AZƏRTAC

Turizm təşkilatları ilə əlaqələrin genişləndirilməsi və iki ölkə arasında qarşılıqlı turist səfərlərinin sayının artırılması məsələləri Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşi arasında keçirilən işgüzar görüşdə müzakirə olunub.
ATAA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə səfir Assosiasiyanın fəaliyyəti, ölkə turizminin bərpasında və inkişafındakı rolu, quruma üzv olan şirkətlərlə əməkdaşlıq imkanları haqqında məlumatlandırılıb.
Müzakirələr zamanı Azərbaycanın turizm sektoru üçün Yaxın Şərq bazarının, xüsusi ilə Birləşmiş Ərəb Əmirlikləri istiqamətinin böyük əhəmiyyət kəsb etdiyini bildirən Göydəniz Qəhrəmanov ümumvətəndaş pasportlarına malik Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları üçün hər iki ölkəyə vizasız səfər etmək imkanının yaradılmasından sonra həm gəlmə, həm də getmə turizmdə müsbət irəliləyişin olacağını qeyd edib.
Uzun illərdir ölkə vətəndaşları arasında Dubay istiqamətinin məşhur olduğunu və bu şəhərə böyük sayda səfərlər təşkil edildiyini deyən Assosiasiya sədri rəhbərlik etdiyi qurumun qarşılıqlı əməkdaşlıq imkanlarının genişləndirilməsində maraqlı olduğunu bildirib.
İki ölkə arasında səmimi dostluq münasibətlərinin formalaşdırılmasının bir çox sahələrdə olduğu kimi, turizmə də müsbət təsir etdiyini deyən səfir turizm təşkilatları arasında bu əlaqələrin daha da genişləndirilməsinə ehtiyac olduğunu vurğulayıb. Səfir bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi üçün öz dəstəyini göstərməyə hazır olduğunu diqqətə çatdırıb.
Görüş çərçivəsində birgə iş birliyinin yaradılması, biznes fəaliyyətinin formalaşdırılması, B2B formatlı görüşlərin keçirilməsi, tanışlıq məqsədli infoturların təşkili, təcrübə mübadiləsinin aparılması, eləcə də aviauçuşların sayının artırılması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, hazırda gün ərzində bir neçə dəfə olmaqla Azərbaycan Hava Yolları, “Flydubai” və “Air Arabia” Hava Yolları şirkəti Dubay və Şarja şəhərlərinə uçuşlar təşkil edir.

Turizm 2023-05-26 10:42:00