×
A
A
A
Sazlamalar

“Göygöldə selin vurduğu ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir” - komissiya sədri

Göygöl, 26 may, Elcan Məmmədov, AZƏRTAC
Dünən Göygöl rayonunun Topalhəsənli, Şəhriyar, Kərəmli və Zurnabad kəndləri ərazisində yağan güclü leysan yağışları nəticəsində sel sularının miqdarı artaraq Topalhəsənli kəndi ərazisində qaz, işıq və rabitə xətlərinə ziyan yetirib.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Rayon Fövqəladə Hallar Komissiyasının sədri Arzu Qocayev deyib.
“Aidiyyəti qurumların nümayəndələri dərhal hadisə yerinə cəlb olunub. İlkin müdaxilə nəticəsində yollarda hərəkət qısa müddətdə təmin edilib. Topalhəsənli, Şəhriyar, Kərəmli və Zurnabad kəndlərinin müəyyən hissələrinə təbii qaz və elektrik enerjisinin verilişi bərpa olunub. İlkin məlumata əsasən, beş nəqliyyat vasitəsinə ziyan dəyib. Hazırda dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir,” – deyə komissiya sədri bildirib.
Qeyd edək ki, mayın 25-i axşam saatlarında baş verən təbii fəlakət nəticəsində polis əməkdaşlarının köməyi ilə Gəncə şəhər sakinləri V.Həziyev, T.Məmmədova və V.Həziyeva çay axınından xilas edilib, ilkin yardım göstərilib. İtkin düşmüş 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun isə meyitləri tapılaraq müvafiq ekspertizaya təqdim edilib.

Regionlar 2023-05-26 10:05:00