×
A
A
A
Sazlamalar

Daşınmaz əmlakın dövlət qeydiyyatı və kadastrı sahəsində Türkiyə təcrübəsi öyrənilir

Bakı, 26 may, AZƏRTAC

Daşınmaz əmlakın dövlət qeydiyyatı və kadastrı sahəsində informasiya sistemlərinin təkmilləşdirilməsi istiqamətində Türkiyənin təcrübəsi öyrənilir.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin və Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin Daşınmaz Əmlakın Qeydiyyatı və Kadastrı Baş Direktorluğunun əməkdaşlarının iştirakı ilə onlayn görüş keçirilib.
Görüşün keçirilməsində məqsəd daşınmaz əmlakın dövlət qeydiyyatı və kadastrının həyata keçirilməsi üzrə mövcud informasiya ehtiyatı və sistemlərinin təkmilləşdirilməsi, bu sahədə rəqəmsal idarəetmənin inkişafı çərçivəsində Türkiyə təcrübəsinin öyrənilməsi və əməkdaşlığın genişləndirilməsidir.
Görüşdə informasiya sistemlərinin funksionallıq, hesabatlılıq, risklərin idarə edilməsi və informasiya təhlükəsizliyi istiqamətləri üzrə müzakirələr aparılıb.

İqtisadiyyat 2023-05-26 05:08:00