×
A
A
A
Sazlamalar

Xalqımız Müstəqillik Gününü qalib xalq kimi qarşılayır, böyük qürur hissi ilə qeyd edir

Ağcabədi, 25 may, AZƏRTAC

Azərbaycan xalqı üçüncü ildir ki, 28 May – Müstəqillik Gününü qalib xalq kimi qarşılayır, xüsusi əhvali-ruhiyyə, böyük sevinc və qürur hissi ilə qeyd edir. Artıq üç ildir ki, müstəqilliyimizin simvollarından olan üçrəngli bayrağımız erməni işğalından azad edilən torpaqlarımızda qürurla dalğalanır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Ağcabədi Pedaqoji Kollecində 28 May - Müstəqilik günü ilə əlaqədar keçirilən tədbirdə səsləndirilib. Ağcabədi Rayon İcra Hakimiyyətinin, Heydər Əliyev Mərkəzinin, Gənclər və İdman İdarəsinin və Ağcabədi Pedaqoji Kollecinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib, büstü önünə gül dəstələri düzülüb.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradıcılarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Ağcabədi Pedaqoji Kollecinin müəllimi Fatimə Süleymanlı, Ağcabədi Rayon İcra Hakimiyyətinin əməkdaşı Sevinc Niftəliyeva, Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov, Heydər Əliyev Mərkəzinin direktor vəzifəsini icra edən Rövşanə Əliyeva və başqaları çıxış edərək, AXC-nin yaranmasından, fəaliyyəti dövründə görülən işlərdən, xalqımızın dövlətçilik tarixindəki rolundan danışıblar.
Bildirilib ki, 1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla, onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan təntənə ilə qeyd edir. Dövlətimizin başçısının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Sərəncam imzalaması, 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi onun milli dövlətçilik tariximizə diqqət və qayğısının göstəricisidir.

Regionlar 2023-05-25 17:53:00