×
A
A
A
Sazlamalar

Avropa İttifaqı Ukrayna ilə “vizasız iqtisadi rejimi” daha bir il müddətinə uzadıb

Kiyev, 25 may, AZƏRTAC

Avropa İttifaqı Şurası Ukraynanın Avropa İttifaqına ixracatında daha bir il, yəni 2024-cü ilin iyun ayına qədər bütün rüsumların, kvotaların və ticarətin müdafiə edilməsi tədbirlərinin dayandırılması müddətini uzadan qərar qəbul edib.
Bu barədə AZƏRTAC Aİ Şurasının mətbuat xidmətinə istinadla xəbər verir.
Qərar giriş qiymətləri sisteminin şamil edildiyi meyvə və tərəvəzlərin ixracı və tarif kvotalarının şamil olunduğu kənd təsərrüfatı məhsulları və emal olunmuş aqrar məhsullara aiddir.
Məlumatda deyilir: “Bu tədbirləri bərpa edərək, Aİ hələ də Rusiyanın səbəbsiz və əsassız hərbi təcavüzü ilə üzləşən Ukraynaya güclü siyasi və iqtisadi dəstəyini nümayiş etdirməyə davam edir”.
Bu tədbirlərin Ukraynaya Aİ ilə ticarət münasibətlərinin sabitliyini qoruyub saxlamaqda və çox çətin şəraitdə iqtisadiyyatı dəstəkləməkdə kömək edəcəyi gözlənilir.
Aİ Şurası əlavə edir ki, qərar əhəmiyyətli dərəcədə hərbi, maliyyə və humanitar dəstəklə birlikdə Ukraynaya uzunmüddətli bərpa prosesində yardımın göstərilməsində həlledici əhəmiyyət kəsb edir.
Qeyd edək ki, sənaye malları üçün rüsumların qüvvədə olması Assosiasiya barədə Sazişin şərtlərinə uyğun olaraq 2023-cü il yanvarın 1-dən dayandırılıb.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Dünya 2023-05-25 18:12:00