×
A
A
A
Sazlamalar

“Bir damcı” müəssisəsində suyun emalının qadağan edilməsinə dair məhdudlaşdırıcı qərar qəbul olunub

Bakı, 25 may, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi ölkədə qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, istehlakçı şikayəti əsasında paytaxtın Nərimanov rayonu, Atatürk prospekti 37 ünvanında fiziki şəxs Nabatalıyev Həsi Yunus oğluna məxsus “ Bir damcı” su emalı müəssisəsində yoxlama aparılıb.
Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların və sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu aşkarlanıb. Müəssisənin qeydiyyatdan keçmədiyi və çıxarışla təmin edilmədiyi, texnoloji ardıcıllıq prinsipinin pozulduğu, divar və döşəmə səthlərinin asan yuyulub təmizlənməni təmin edən materialla üzlənmədiyi, mexaniki havalandırma sisteminin quraşdırılmadığı, işçilər üçün sanitar-məişət avadanlıqları ilə təchiz edilmiş soyunub-geyinmə sahəsinin təşkil olunmadığı, onların xüsusi iş geyimi ilə təminatın aparılmadığı və dövri tibbi müayinədən keçmədiyi məlum olub. Eyni zamanda, müəssisədə satışı həyata keçirilən suyun qablaşdırılması üçün materiallar verilmədiyi, suyun alıcının təqdim etdiyi qablara doldurularaq satışa təqdim olunduğu və məhsulların markalanmadığı müəyyən edilib. Nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq müəssisədə suyun emalının qadağan edilməsinə dair məhdudlaşdırıcı qərar qəbul olunub və müəssisə rəhbəri barəsində inzibati protokol tərtib edilib.
Agentlik su satışı ilə məşğul olan ticarət şəbəkələrinə bir daha xəbərdarlıq edərək bildirir ki, “Qida təhlükəsizliyi haqqında” Qanunun müvafiq tələblərini kobud şəkildə pozaraq müvafiq normalara cavab verməyən məhsulların satışı dayandırılmalı və geri çağırılması ilə bağlı müvafiq tədbirlər həyata keçirilməlidir. Əks halda, həmin suların satışını həyata keçirən ticarət müəssisələri barədə qanunvericilik çərçivəsində inzibati tədbirlər görüləcək.
İstehlakçılardan hər hansı uyğunsuzluq və şübhəli hallar aşkar etdikdə, dərhal agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur. 

 

Sosial 2023-05-25 17:12:00