×
A
A
A
Sazlamalar

Qonur ayı, tirəndaz və qamışlıq pişiyi Azərbaycanın “Qırmızı kitab”ından çıxarılıb

Bakı, 25 may, AZƏRTAC

Azərbaycan Respublikasının “Qırmızı kitab”ı ölkə ərazisində nadir və nəsli kəsilmək təhlükəsi olan vəhşi heyvan və yabanı bitki növlərinin vəziyyəti haqqında rəsmi dövlət sənədidir. Kitabın birinci nəşri 1989-cu, ikinci nəşri 2013-cü, üçüncü nəşri isə 2023-cü ildə işıq üzü görüb. Son nəşrə 241 fauna növü salınıb ki, onlardan 39-u məməli heyvanlardır. Birinci və ikinci nəşrdə isə yer alan məməlilərin sayı müvafiq olaraq 14 və 42 olub.
AZƏRTAC-ın müxbiri “Qırmızı kitab”ın üçüncü nəşrində məməli heyvanların qiymətləndirilməsində iştirak edən Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərovla həmsöhbət olub.
“Qırmızı kitab”ın ikinci nəşrinə bəzi məməlilərin ciddi şəkildə öyrənilmədən, qiymətləndirilmədən salındığını deyən E.Əsgərov üçüncü kitabdan üç məməli heyvanın adının çıxarıldığını diqqətə çatdırıb. Həmin heyvanlar qonur ayı, tirəndaz və qamışlıq pişiyidir.
WWF-in Azərbaycan nümayəndəliyinin rəhbəri bunu belə əsaslandırıb: “Qonur ayının Azərbaycanda iki yarımnövünün olması düşünülürdü: Qafqaz və Suriya yarımnövləri. O vaxtın ədəbiyyatına əsasən, Qafqaz yarımnövü Böyük Qafqazda, ölçüləri daha xırda, rəngi isə boz olan Suriya yarımnövü isə ölkənin qalan hissəsində yaşayırdı. 2013-cü ildə nəşr olunan “Qırmızı kitab”a yalnız Suriya yarımnövünün salınması nəzərdə tutulmuşdu. Lakin “Qırmızı kitab” qaydalarına görə yarımnövü ayrıca salmaq olmurdu, yalnız növ səviyyəsində salınmalı idi. Ona görə də qonur ayı növ olaraq ikinci nəşrə salındı. Sonra məlum oldu ki, Azərbaycanda nə Qafqaz, nə də Suriya yarımnövlü ayılar var. Ölkəmizdə mövcud olan ayılar Avropa yarımnövünə aiddir. Həm də daha dəqiq tədqiqatlarla öyrəndik ki, ayının hazırkı sayı onun “Qırmızı kitab”a salınması üçün təhlükə həddində deyil.
Adı çıxarılan digər fauna növü olan tirəndaz respublikanın ən iri gəmirici məməlisidir. Son zamanlar insanlar onu ətinə görə ovlayırlar. Məhz həmin ovlanma təhlükəsinin aktuallığına görə tirəndazı “Qırmızı kitab”ın ikinci nəşrinə salmışdılar. Aparılan tədqiqatlar göstərdi ki, tirəndazın populyasiya sayı “Qırmızı kitab”a düşmək həddində deyil. Həmin səbəbdən tirəndazın adı kitabın 2023-cü il nəşrindən çıxarıldı.
Qamışlıq pişiyini də 2013-cü ilin nəşrinə salmışdılar. Buna səbəb kimi qamışlıq ərazilərinin getdikcə məhv olması və onlara yaşamağa yer qalmaması göstərilmişdi. Lakin bu zaman bir məqamı nəzərə almamışdılar ki, qamışlıq pişiyi tək qamışlıqda deyil, həm də dəniz kənarından başlayaraq dəniz səviyyəsindən 1500 metrədək hündür meşələrdə də yaşaya bilir. Tədqiqatlar zamanı onun sayının təhlükə həddində olmadığını müəyyən etdik. Bununla da bu 3 iri və ortaölçülü məməli “Qırmızı kitab”ın sonuncu nəşrində yer almadı”.

 

 

 

Ekologiya 2023-05-25 16:50:00