×
A
A
A
Sazlamalar

Azərbaycan Yazıçılar Birliyində “İstiqlal yazıları” kitabının təqdimatı olub

Bakı, 25 may, Emil Məlikov, AZƏRTAC

Mayın 25-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda “Azərbaycan” qəzetinin rus dilində nəşrinin redaktoru olmuş, görkəmli jurnalist, tənqidçi, tərcüməçi və teatrşünas Xəlil İbrahimdən bəhs edən və onun yazılarının toplandığı “İstiqlal yazıları” kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Əməkdar elm xadimi Tofiq Məlikli təqdim olunan kitab haqqında məlumat verib.
Bildirib ki, Azərbaycan jurnalistikasının əsasını qoyanlardan olan görkəmli publisist-jurnalist Xəlil İbrahimdən bəhs olunan “İstiqlal yazıları” kitabı çox dəyərli nəşrdir: “Kitab müxtəlif illərdə yayılmış məqalələrin toplusudur. Tanınmış jurnalist, tənqidçi və tərcüməçi Xəlil İbrahim 1892-ci ildə Şuşada doğulub. İbtidai təhsilini Şuşada rus-tatar məktəbində alıb. 1907-ci ildə atası vəfat etdikdən sonra ailəsi ilə Bakıya köçərək təhsilini orada davam etdirib. O, 1914-cü ildən ədəbi-bədii fəaliyyətə başlamışdır. Birinci Dünya müharibəsi illərində, beynəlxalq məsələlərə, müharibənin dəhşətlərinə həsr olunmuş “Dəhşətli yanğın qarşısında”, “Alban inqilabı”, “Kənd həyatından səhnələr” və bir sıra ictimai-siyasi publisistik məqalələrlə çıxış edib. 1919-cu ildə X.İbrahim “Azərbaycan” qəzetinin yaradıcılarından biri və baş redaktoru olub. Bu illərdə o, Azərbaycan milli teatr və mədəniyyətinin inkişafı, həmçinin problemlərilə bağlı onlarla məqalə, resenziyalarla çıxış etmiş, dil islahatı, terminoloji lüğətlərin hazırlanması, Azərbaycan əlifbası problemləri, Azərbaycan (türk) ədəbi lüğətinin hazırlanmasında fəal iştirak etmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan və respublikada kommunist rejimi qurulduqdan sonra X.İbrahim müxtəlif vəzifələrdə çalışmaqla Azərbaycan xalqının inkişafı ilə bağlı müxtəlif problemlər haqqında 1923-1930-cu illərdə məqalələrlə qəzetlərdə çıxış edib. Xəlil İbrahimin tərcüməçi kimi Azərbaycan ədəbiyyatı qarşısında xidmətləri böyükdür. O, Şekspirin, Şillerin, A.Tolstoyun və bir sıra başqa Qərbi Avropa və rus yazıçılarının əsərlərini Azərbaycan dilinə tərcümə edib. O, 1937-ci ilin noyabrında amansız repressiya dəhşətlərinin qurbanı olmuşdur”.
Kitabın redaktoru, Əməkdar jurnalist Akif Aşırlı yeni nəşrdən bəhs edərək, onun necə ərsəyə gəlməsindən danışıb. Bildirib ki, bu gün biz Cümhuriyyətimizin qurucularından və həmin dövrün ən parlaq simalarından biri olan Xəlil İbrahimin işığına yığışmışıq: “Bu gün bu işıqlı insan haqqında Azərbaycan ictimaiyyətinin yetərincə məlumatı yoxdur. O, bir müddət “Azərbaycan” qəzetinin redaktoru vəzifəsində çalışıb. X.İbrahim milli mətbuatımızın, publisistikamızın və Cümhuriyyət ideyalarının formalaşmasında çox böyük rolu, xidməti olan bir şəxsiyyətdir. Onun hətta teatr sahəsində teatrşünaslıqla bağlı dövrün qəzetlərində çox mükəmməl məqalələri, təhlilləri var. Bu gün burada təqdim olunan “İstiqlal yazıları” kitabında X.İbrahimin “Şuşadan yazılar”, “Şuşadan məktublar” adlı bir neçə məqalələri də yer alır. Bu məqalələri o, 1916-cı ildə “Açıq söz” qəzetində yazmağa başlayıb və sonradan bunu “Azərbaycan” qəzetində davam etdirib. O, həmçinin “Kommunist” qəzetində də bir neçə silsilə yazılarla çıxış edib. O, Cümhuriyyət ideyaları ilə yaşayan insan idi. Bu kitabda da onun Cümhuriyyət, İstiqlal yazıları yer alıb”.
Professor Solmaz Rüstəmova-Tohidi belə tədbirlərin keçirilməsinin təqdirəlayiq olduğunu vurğulayaraq, X.İbrahimin publisistikasından söz açıb. O deyib: “Xəlil İbrahim çox zəngin biliyə sahib insan idi. Onun dilçiliklə, Azərbaycan ədəbi dilinin qaydaları ilə bağlı yazılarını xüsusən qeyd etmək olar. 1926-cı ildə keçirilən Türkoloji Qurultayının təşəbbüskarlarından biri də X.İbrahim idi. O, həmçinin Türkiyə Azərbaycan münasibətlərində qardaş yardımlaşmalarına dəstək verən publisistik yazılarla çıxış edən insan idi. Onun mədəniyyət problemləri ilə bağlı yazıları da xüsusi əhəmiyyət daşıyır”.
Əməkdar mədəniyyət işçisi, filologiya üzrə fəlsəfə doktoru Zöhrə Əliyeva Xəlil İbrahimdən bəhs edən və onun yazılarının toplandığı “İstiqlal yazıları” kitabının əhəmiyyətini yüksək qiymətləndirib və bu işdə əməyi olanlara təşəkkür edib.
Tədbirdə çıxış edən digər natiqlər də yeni çap olunmuş kitab və Xəlil İbrahim haqqında fikirlərini bölüşüblər.
Sonda Xəlil İbrahimin nəvəsi Lalə Nəcəfova tədbirin təşkilindən məmnun olduğunu bildirərək iştirakçılara və təşkilatçılara təşəkkürünü bildirib.

Mədəniyyət 2023-05-25 16:36:00