×
A
A
A
Sazlamalar

Fransa səfirliyində pianoçu Adilə Əliyevaya “Fəxri Legion” ordeni təqdim edilib

Bakı, 25 may, Salihə Əliyeva, AZƏRTAC

Fransanın Azərbaycandakı səfirliyində soydaşımız, tanınmış musiqiçi, Azərbaycanın Əməkdar artisti Adilə Əliyevaya bu ölkənin “Fəxri Legion” ordeninin təqdim olunması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, özünün tarixi vətəninin hüdudlarından kənarda də şöhrət qazanmış fortepiano ifaçılığı sənətinin tanınmış nümayəndəsi Adilə Əliyeva artıq 30 ildən çoxdur ki, Fransada yaşayır.
Tanınmış pianoçu Fransa Prezidenti Emmanuel Makronun 2022-ci il 13 iyul tarixli Fərmanı ilə milli bayram və yubileyi ərəfəsində dünyada klassik musiqinin təbliğinə görə bu ölkənin ən yüksək hərbi və mülki dövlət mükafatı olan “Fəxri Legion” ordeni ilə təltif olunub. Ondan bir neçə gün əvvəl isə Adilə Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan musiqisinin dünyada tanıdılması, gənc nəsil musiqiçilərin hazırlanmasında xidmətlərinə, habelə Fransada onun adını daşıyan mötəbər beynəlxalq müsabiqənin təşkilinə görə “Dostluq” ordeni ilə təltif edilib.
Mərasimdə çıxış edən Fransanın ölkəmizdəki səfiri Ann Buayon bildirib ki, bu mükafat Napoleon Bonapart tərəfindən 1802-ci il mayın 19-da cəngavər ordenləri nümunəsində təsis olunub. Onun statusu və ordenin kavaleri titulu Fransada general rütbəsindən yüksəkdir və böyük xidmətlərə görə verilir.
Azərbaycanda bu yüksək mükafatla cəmi üç nəfər təltif olunub. Onlardan birincisi fransız müqavimət hərəkatının qəhrəmanı Əhmədiyyə Cəbrayılovdur. General Şarl de Qoll ordeni əfsanəvi azərbaycanlıya təqdim etmək üçün xüsusi olaraq SSRİ-yə gəlmişdi. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da “Fəxri Legion” ordeni ilə təltif olunub.
Usta pianoçu Adilə Əliyeva pianoçuların bir çox mötəbər beynəlxalq müsabiqələrinin laureatıdır. Onun solo konsertlərinin səs yazısı, o cümlədən Ulu Öndər Heydər Əliyevə və BMT-də Azərbaycan Gününə həsr etdiyi ifaları müxtəlif ölkələrin televiziya və radio arxivlərində saxlanılır, habelə kompakt-disk və DVD şəklində buraxılıb.
Adilə Əliyeva konsert fəaliyyəti ilə yanaşı, BMT-nin sülh elçisi qismində Azərbaycan musiqi sənətini dünyada təbliğ edərək böyük işlər görür. Onun sülh elçisi kimi ideyalarından biri Azərbaycan və Fransanın şəhərləri arasında çoxtərəfli münasibətlərin inkişafıdır. Pianoçu Fransa nümayəndə heyətinin tərkibində öz əcdadlarının vətəni olan Şamaxıda olub, onun səyləri nəticəsində bu şəhərlə Fransanın Qayar şəhəri qardaşlaşıb.
Pianoçunun daha bir təşəbbüsü “Adilia Alieva International Music Competition” beynəlxalq musiqi müsabiqəsidir. Artıq ənənə halını alan və populyar olan bu tədbir Fransanın mədəni həyatının ayrılmaz hissəsinə çevrilib. Adilə Əliyeva, həmçinin Fransada Ali Musiqi Akademiyasını da təsis edib, burada özünün görkəmli müəllimlərinin prinsiplərini həyata keçirərək və malik olduğu zəngin təcrübəyə əsaslanaraq, öz məktəbini və müxtəlif səviyyədə və yaşda olan tələbələrin hazırlanmasının effektiv təhsil sistemini yaradıb.
“Nyu-York Tayms” qəzetinin nüfuzlu musiqi tənqidçilərindən biri, “Motsartdan bizim zamanımıza qədər” ensiklopediyasının müəllifi Harold Şonberq “American Record Guide” nəşrinin səhifələrində yazıb ki, “Adilə Əliyeva müstəsna barmaqları, mükəmməl zövqü və heyrətamiz emosiyaları olan gözəl pianoçudur. O, musiqidə ən yüksək zirvəyə yüksəlib”.
Adilə Əliyevanın xidmətləri Fransa hökuməti tərəfindən yüksək qiymətləndirilib, “Fəxri Legion” ordeni isə onun fransız mədəniyyətinə verdiyi töhfənin ən yüksək mükafatıdır.

 

Mədəniyyət 2023-05-25 16:21:00