×
A
A
A
Sazlamalar

Turqay Hüseynov: Vəkilliklə bağlı imtahanda 20 nəfərə yaxın namizəd işğaldan azad edilmiş rayonları təmsil edir

Bakı, 25 may, Ayla Aktar, AZƏRTAC
Bu gün Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarına 324 nəfərin iştirakı gözlənilirdi. Həmin şəxslərin 20 nəfərə yaxını işğaldan azad edilmiş rayonları təmsil edir. Hesab edirik ki, əgər əhali işğaldan azad edilmiş ərazilərə köçürülürsə, oradakı şəxslərin hüquqi müdafiəsi də təşkil olunmalıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Vəkillər Kollegiyasının İxtisas komissiyasının sədri Turqay Hüseynov deyib.
Bildirib ki, Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanları yazılı və şifahi olmaqla iki mərhələdən ibarətdir. Şifahi imtahandan 60 və yuxarı bal toplayan şəxslər ikinci mərhələyə keçmə hüququ qazanırlar. İkinci mərhələ iki hissədən ibarətdir. Birinci hissədə namizədin peşə yararlığı müəyyən olunur, növbəti hissədə isə üç meyar üzrə şəxsi peşə səviyyəsi yoxlanılır. Bura bilik səviyyəsi, məntiqi nəticə çıxarmaq imkanları və dünya görüşü aiddir. Sonra isə tədris mərhələsi başlayır.
“Tədrisdə də bu il ciddi dəyişikliklər baş verib. Əgər əvvəllər əsasən nəzəriyyə hissəsinə köklənmişdiksə, hazırda biz daha çox təcrübi biliklərini artırırıq. Bu istiqamətdə də ciddi işlər aparılır. Vəkil peşəsinə keçən şəxslər, hesab edirik ki, yüksək səviyyəli hüquqşünaslar olacaqlar”, - deyə İxtisas komissiyasının sədri qeyd edib.

Cəmiyyət 2023-05-25 15:31:00