×
A
A
A
Sazlamalar

Tədqiqat: Əsrin sonuna qədər bəşəriyyət təhlükəli isti ilə qarşılaşa bilər

Bakı, 25 may, AZƏRTAC
Alimlər xəbərdarlıq edirlər ki, əsrin sonuna qədər bəşəriyyətin beşdəbirindən çoxu təhlükəli isti ilə qarşılaşa bilər.
AZƏRTAC “Euronews” kanalına istinadla xəbər verir ki, “Nature Sustainability” jurnalında dərc edilmiş Böyük Britaniyanın Ekseter Universitetinin yeni tədqiqatına əsasən, mövcud iqlim siyasəti ilə bizi sənaye dövründən əvvəlki səviyyədən 2,7°C yuxarı istiləşmə gözləyir.
BMT-nin İqlim Dəyişikliyi üzrə Hökumətlərarası ekspertlər qrupuna (İDHEQ) görə, bu, "iqlim fəlakəti”nin qarşısını almaq üçün lazım olan 1,5°C istiləşmə həddini ötəcək".
Bu cür istiləşmə baş verdikdə, 2100-cü ilə qədər 2 milyard insan — Yer kürəsində gözlənilən əhalinin təxminən 20 faizi - həyat üçün təhlükəli istiyə və ekstremal hava şəraitinə məruz qalacaq.
Orta qlobal temperatur 29 dərəcə Selsini keçəcək, bu da bizi “insan iqlim yeri”ndən – insanların yaşamağa öyrəşdiyi şəraitdən kənara çıxaracaq. İnsan üçün optimal temperatur 13-25°C təşkil edir.
Hindistan kimi bəzi ölkələr isti səbəbindən ölümlər də daxil olmaqla, artıq antropogen qlobal istiləşmənin nəticələrindən əziyyət çəkirlər.
Ekstremal isti, həmçinin bizim işləmək, düşünmək və təhsil almaq qabiliyyətimizə təsir edə bilir. O, məhsula dağıdıcı təsir edə, böhranlar, yoluxucu xəstəliklər və hamiləlik vaxtı fəsadların yaranma ehtimalını artıra bilər.
Bu təsir yayıldıqca daha çox insan evlərini tərk etməyə və ya daha sərin iqlimi olan ölkələrə köçməyə məcbur olacaq.
Hindistan həmişəki kimi ekstremal istiyə məruz qalan ən böyük əhalisi olan daha çox zərərçəkən ölkələrdən biri olacaq, ondan sonra Nigeriya, İndoneziya, Filippin və Pakistan yer alacaq.
Hətta nisbətən sərin iqlimi olan yerlər daha çox sayda isti və quraqlıq dalğalarına məruz qalacaqlar.
Paris Sazişində razılaşdırılmış qlobal temperatur artımının 1,5 dərəcə Selsiyə qədər məhdudlaşdırılması üzrə təcili tədbirlər böhranın ehtimalını əhəmiyyətli dərəcədə azaldacaq. Tədqiqatçıların dediyinə görə, belə temperaturlarda ekstremal istiyə məruz qalmış insanların sayı 5 dəfə azalaraq, 400 milyon təşkil edərdi.
“Bizim nəticələrimiz iqlim dəyişikliyinin insan xərclərini və bərabərsizliyini məhdudlaşdırmaq üçün daha güclü iqlim siyasətinin böyük potensialını nümayiş etdirir”, - deyə tədqiqatın müəllifləri yazır.
Tədqiqat iqlim dəyişikliyinin insan həyatının itirilməsinə diqqət yetirməklə, daha isti və sıx məskunlaşan ölkələrə qeyri-mütənasib təsirini vurğulayır. Bir qayda olaraq, bunlar iqlim böhranına ən az töhfə verən inkişaf etməkdə olan ölkələrdir.

Ekologiya 2023-05-25 15:14:00