×
A
A
A
Sazlamalar

İqtisadiyyat Nazirliyinin fəaliyyət istiqamətləri üzrə vətəndaşlara göstərilən xidmətlərin 193-ü elektronlaşdırılıb

Bakı, 25 may, AZƏRTAC

İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərə (www.economy.gov.az, www.lisenziya.gov.az), həmçinin nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların internet səhifələrində yaradılmış elektron xidmət bölmələri vasitəsilə müraciət etmək mümkündür.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, dövlət orqanları tərəfindən elektron xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətinin artırılması operativliyi və vətəndaş məmnunluğunu təmin etmək baxımından böyük önəm kəsb edir. Bu baxımdan, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən xidmətlərin elektronlaşdırılması, səmərəliliyin artırılması və informasiya sistemləri arasında məlumat mübadiləsinin avtomatlaşdırılması istiqamətində işlər ardıcıl olaraq davam etdirilir.
Sahibkarlar elektron xidmətlərdən istifadə edərək zəruri iqtisadi və hüquqi informasiya əldə edə və sahibkarlıq fəaliyyəti ilə bağlı hüquq müəyyən edən bəzi sənədləri (lisenziyalar, mənşə sertifikatı, kommersiya qurumlarına və publik hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin (qərarlarının) qeydə alınmasına dair bildiriş və s.) almaq üçün müraciət edə bilərlər.
Hazırda İqtisadiyyat Nazirliyinin fəaliyyət istiqamətləri üzrə vətəndaşlara, o cümlədən sahibkarlara 259 xidmət göstərilir ki, onların 193-ü elektronlaşdırılıb. Göstərilən xidmətlərdə elektron xidmətlərin xüsusi çəkisi ötən ilin müvafiq dövrü ilə (71,6 faiz) müqayisədə 2,9 faiz yüksələrək 74,5 faizə çatıb.
Elektron xidmətlər bölməsinə müraciət edən şəxslər müvafiq ərizə formalarını sistemdən yükləyə və tələb olunan sənədlərin skan edilmiş surətlərini daxil edə bilərlər. Bu zaman müraciət edən şəxsə təsdiq bildirişi göndərilir. Daxil olan elektron müraciətlərə qanunvericilikdə müəyyən edilmiş qaydada baxılır, tələb olunduğu halda müvafiq dövlət rüsumu və xidmət haqlarının elektron qaydada ödənişi imkanı təmin edilir.
Beləliklə, nazirliyin elektron xidmətləri müasir texnoloji imkanlardan istifadə edilməklə ölkə vətəndaşlarına göstərilən xidmətlərin yüksək keyfiyyətdə və operativ təqdim edilməsinə töhfə verir.

İqtisadiyyat 2023-05-25 12:47:00